BMU süni intellekt mövzusuna həsr edilən beynəlxalq konfransda təmsil olunub- ÖZƏL

BMU süni intellekt mövzusuna həsr edilən beynəlxalq konfransda təmsil olunub. Universitetdən "Olaylar"a bildirilib ki, Bakı Mühəndislik Universitetinin (BMU) İnformasiya və kompüter texnologiyaları fakültəsinin dekanı Vaqif Qasımov və Mühəndislik fakültəsinin dekanı Asif Quliyev Naxçıvan Dövlət Universitetində (NDU) keçirilən "Süni intellekt: nəzəriyyədən praktikaya" adlı lII beynəlxalq elmi konfransda iştirak ediblər.
Tədbir NDU-nun Milli Süni İntellekt Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), BMU, Türkiyənin İstanbul Universiteti, İstanbul Texniki Universiteti (İTU), Qaradəniz Texniki Universiteti, İstanbul Cərrahpaşa Universiteti, Gümüşhanə Universiteti, Rusiyanın Cənub Universiteti və Ağrı İbrahim Çeçen Universiteti ilə birgə əməkdaşlığı  çərçivəsində baş tutub.Əvvəlcə NDU-nun Memarlıq və mühəndislik fakültəsi tələbələrinin innovativ və texnoloji layihələrdən ibarət sərgisinə baxış olub. 
Konfransda NDU-nun rektoru Elbrus İsayev, AMEA-nın prezidenti İsa Həbibbəyli, Milli Süni İntellekt Mərkəzinin təhsil eksperti Şəhriyar Məmmədli açılış nitqi ilə çıxış ediblər. Çıxışlarda süni intellekt sahəsində maarifləndirmədə ali təhsil müəssisələrinin rolu vurğulanıb, "Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün Süni İntellekt Strategiyası"na uyğun olaraq gənclərin fundamental biliklərinin gücləndirilməsi, layihə əsaslı tədris və fənlərarası inteqrasiyanın əhəmiyyəti qeyd edilib. Eyni zamanda süni intellektin təhsildə tətbiqinin rəqəmsal bacarıqların inkişafına, analitik düşüncənin formalaşmasına və əmək bazarına uyğun kadr hazırlığına mühüm töhfə verdiyi bildirilib.
Sonra AMEA-nın Naxçıvan Bölməsinin sədri İsmayıl Hacıyev, BMU-nun professoru Vaqif Qasımov, İstanbul Cərrahpaşa Universitetinin professoru Mehmet Üzel, Rusiyanın Cənub Universitetinin rektoru İmran Əkbərov, İTU-nun professoru Dərya Özər Güleç və digərlərinin məruzələri dinlənilib. Natiqlər konfransı süni intellekt sahəsində elmi fikir mübadiləsi üçün mühüm platforma adlandırıb, tədbirin elm və təhsil mühitinə töhfəsini vurğulayıblar. Həmçinin universitetdə innovativ təşəbbüslərə göstərilən dəstəyi yüksək qiymətləndiriblər.  
Sonda rektor tərəfindən iştirakçılara plaket və təşəkkürnamələr təqdim olunub. Konfrans öz işini bölmə iclasları ilə davam etdirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31