Təhsildə etibar itəndə ən böyük zərəri gələcəyimiz görür-
10:51 SosialSon günlər DİM sədri Məleykə Abbaszadə tərəfindən səsləndirilən SAT imtahan nəticələrinin saxtalaşdırılması ilə bağlı fikirlər cəmiyyətdə ciddi müzakirələr yaradıb. Təəssüf ki, məsələ artıq fərdi hallar səviyyəsini keçərək ölkənin təhsil nüfuzuna təsir edən problemə çevrilməkdədir. "Olaylar"ın məlumatına görə, təhsil məslələri üzrə ekspert Məzahir Məmmədli bildirib ki, yüksək SAT balı ilə xarici universitetlərə qəbul olunan bəzi gənclər qısa müddət sonra tədris prosesinə uyğunlaşa bilmir və ilk semestrlərdən geri qayıtmalı olurlar. 1600 üzərindən 1500+ nəticə göstərən, lakin akademik hazırlığı həmin nəticəyə uyğun olmayan hallar suallar doğurur. Bu isə istər-istəməz belə nəticələrin nə dərəcədə obyektiv əldə olunması barədə şübhələri artırır:
"Araşdırmalar zamanı məlum olur ki, Azərbaycanda SAT hazırlığı və imtahan prosesi ilə məşğul olan çoxsaylı lisenziyalı şirkətlər fəaliyyət göstərir. Lakin burada əsas məsələ təkcə hazırlıq deyil. Əsas məsələ biliklə nəticə arasındakı uyğunsuzluq, şəffaflığın və nəzarətin nə dərəcədə təmin olunmasıdır. Ən narahatedici məqamlardan biri isə bəzi ölkələrin artıq Azərbaycan üzrə SAT nəticələrinə ehtiyatla yanaşmasıdır. Bu, təkcə bir neçə nəfərin problemi deyil, bütövlükdə ölkənin təhsil imicinə zərbədir. Xaricdə uğur qazanan minlərlə savadlı və əziyyətkeş gəncimizin haqqı da belə halların kölgəsində qalır. Əgər doğrudan da sistemdə boşluqlar varsa, məsələ emosional müzakirələrlə deyil, ciddi araşdırma, beynəlxalq audit və şəffaf nəzarət mexanizmləri ilə həll olunmalıdır. Çünki təhsildə etibar itəndə, ən böyük zərəri gələcəyimiz görür".