WUF13-ə görə Bakıya gələcək ALİ qonaqlar
19:26 SosialBakıda Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) başlamasına bir neçə gün qalıb. Musavat.com xəbər verir ki, forumda iştirak üçün BMT-ə üzv olan bütün dövlətlər dəvət olunub.
Mayın 12-ə olan məlumata görə, 180 ölkədən 32 min 225 nəfər qeydiyyatdan keçib. Tədbir günlərinə qədər bu rəqəmin artacağı gözlənilir.
WUF13-də dövlət və hökumət başçıları, nazirlər, parlamentarilər və başqa yüksək səviyyəli rəsmilər iştirak edəcək. Rəsmi məlumata görə, dünyanın müxtəlif ölkələrindən 44-dən çox şəhər meri iştirak üçün qeydiyyatdan keçib.
WUF13-də 41 ölkənin pavilyonu qurulacaq. Tədbir ilk dəfə Liderlər Sammiti seqmentinin proqrama daxil edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Bəs BMT-nin miqyasına görə ikinci ən böyük tədbirinə yüksək səviyyəli şəxslərdən kimlər gələcək? Musavat.com bununla bağlı müxtəlif media orqanlarında yer alan məlumatlar əsasında araşdırma aparıb.
Türkiyə forumda yüksək səviyyəli nümayəndə heyəti ilə iştirak edəcək.
Serbiya Prezidenti Aleksandr Vuçiç də WUF13-də iştirak üçün Azərbaycana səfər edəcək.
Fransanın Azərbaycandakı səfiri Sofi Laqut bildirib ki, Fransa Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) nazirliklərarası nümayəndə heyəti ilə təmsil olunacaq. O vurğulayıb ki, "Davamlı şəhərlər üçün tərəfdaşlıq" proqramında iştirak edən üç deputat forumda iştirak etmək üçün Bakıya səfər edəcək.
Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımov isə jurnalistlərə məlumat verib ki, forumda Slovakiyanı Baş nazirin müavini, eləcə də regional inkişaf naziri (Samuel Miqal - red.) təmsil edəcək.
Özbəkistan prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Əbdüləziz Kamilov Prezidenti Şavkat Mirziyoyevin WUF13-də iştirakını təsdiqləyib.
Niderlandın Bakıdakı səfiri Marian de Yonq isə bildirib ki, ölkəsini forumda Haaqa meri Yan van Zane təmsil edəcək.
BMT isə WUF13-də 20-yə yaxın yüksəkvəzifəli nümayəndə ilə təmsil olunacaq. BMT nümayəndəsi İqor Qarafuliç bildirib ki, forumda BMT Baş katibinin müavini Amina Məhəmməd, eləcə də təşkilatın 20-yə yaxın yüksəkvəzifəli nümayəndəsi iştirak edəcək.
Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətinə ölkənin energetika naziri Süheyl əl-Məzrui rəhbərlik edəcək.
WUF13 çərçivəsində təşkil ediləcək Şəhərsalma Sərgisi (Urban Expo) iştirakçı təşkilatların sayına görə forum tarixinin ən böyük sərgisi olacaq. Belə ki, sərgidə dünyanın 66 ölkəsindən 163-dən çox təşkilatı iştirakı gözlənilir.
Forumda özəl sektorun iştirakı da rekord səviyyədə olacaq. Belə ki, WUF13-də ümumilikdə 45 şirkət təmsil olunacaq, onların 14-ü isə startapdır. Tədbir çərçivəsində startaplar və innovativ təşəbbüslər üçün xüsusi platforma - Biznes və İnnovasiya Habı (Mərkəzi) ilk dəfə iştirakçıların istifadəsinə veriləcək.