İlahiyyat İnstitutunda “Ailə dəyərləri” mövzusunda açıq dərs keçirilib

Mayın 14-də Azərbaycan İlahiyyat İnstitutunda "Ailə dəyərləri" mövzusunda açıq dərs formatında tədbir keçirilib. İnstitutdan "Olaylar"a bildirilib ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Milli Məclisin deputatı, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri Rizvan Hüseynov və Tural İrfan iştirak ediblər.

Açıq dərsin keçirilməsində məqsəd milli ailə dəyərlərinin təşviqi, mənəvi dəyərlərə hörmət hissinin aşılanması, maarifləndirmə fəaliyyətinin gücləndirilməsi və ailə institutunun qorunmasında gənclərin rolunun artırılmasıdır.

Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq ixtisasının I kurs tələbəsi Rizvan İbrahimli "Ailə: milli-mənəvi kimliyin formalaşdığı ilk məktəb", Dinşünaslıq ixtisasının III kurs tələbəsi Natavan Həbibova "Ana: dəyərlərin ilk müəllimi və cəmiyyətin görünməyən memarı", İslamşünaslıq ixtisasının II kurs tələbəsi Fatimə İsrafilova "Ata modeli: məsuliyyət, liderlik və mənəvi nümunə", Dinşünaslıq ixtisasının III kurs tələbəsi Seyidəli Rzazadə "Ekranlar arasında itən ünsiyyət: rəqəmsal dövrdə ailə necə qorunur?" mövzularında təqdimatlarla çıxış ediblər.

Daha sonra tədbir müzakirələrlə davam edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova müasir dövrdə ailə institutunun qarşılaşdığı problemlərdən, boşanmaların artması, məişət zorakılığı və mənəvi dəyərlərin kənar təsirlərə məruz qalmasından bəhs edib. O, ailənin cəmiyyətin əsas dayağı olduğunu vurğulayaraq, sağlam ailə münasibətlərinin formalaşmasında dövlət qurumları, təhsil müəssisələri və gənclərin birgə fəaliyyətinin əhəmiyyətini qeyd edib. Bildirib ki, bu cür təşəbbüslər digər ali təhsil müəssisələri ilə birlikdə reallaşdırılmalı, cəmiyyətə doğru mesajlar verilməlidir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov təqdimatlarda Azərbaycan ailə modelinin, milli-mənəvi dəyərlərin və azərbaycançılıq ideyasının əsas götürülməsini müsbət hal kimi dəyərləndirib. Dövlət Komitəsinin sədri həmçinin, müasir dövrdə ailə institutuna təsir edən əsas çağırışlardan, o cümlədən yad ailə modellərinin təbliği və cəmiyyətə təsirlərindən danışıb, Azərbaycan ailəsinin özünəməxsus mənəvi dəyərlər üzərində formalaşdığını vurğulayıb. O, təqdimatlarda Ümummilli Lider Heydər Əliyevin ailə ilə bağlı fikirlərinə istinad edilməsinin gənclərin milli dövlətçilik və ailə dəyərlərini dərindən öyrəndiyinin nümunəsi olduğunu deyib. Gənclərimizin milli-mənəvi dəyərlərimizə sadiq, cəmiyyətin tərəqqisinə, dövlətimizin inkişafına töhfə verəcək şəxsiyyət kimi yetişdirilməsinin önəmli olduğunu diqqətə çatdırıb. 

Milli Məclisin elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə sürətlə dəyişən dünyada milli-mənəvi dəyərlərin qorunması istiqamətində işlərin yaradıcı və innovativ yanaşmalarla həyata keçirilməsinin vacibliyini vurğulayıb. O, tələbələrin açıq dərs formatında təqdimatlarla çıxış etməsini yüksək qiymətləndirərək, bu təşəbbüsün gənclərin natiqlik bacarıqlarının inkişafına və dövlətin maarifləndirmə siyasətinə mühüm töhfə verdiyini bildirib.

Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü Rizvan Hüseynov ailənin milli-mənəvi kimliyin formalaşdığı ilk məktəb olduğunu və cəmiyyətin inkişafında mühüm rol oynadığını vurğulayıb. R.Hüseynov qlobalaşma şəraitində ailə dəyərlərinin qorunmasının xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü Tural İrfan Azərbaycan İlahiyyat İnstitutunun bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirib və tələbələrin milli-mənəvi dəyərlərin cəmiyyətə aşılanmasında mühüm rol oynadığını bildirib. O, bu cür tədbirlərin gənclərin dünyagörüşünün formalaşmasına və ictimai məsuliyyət hissinin güclənməsinə dəstək olacağına əminliyini ifadə edib.

Sonda tədbirdə təqdimatlarla çıxış edən tələbələrə təşəkkürnamələr təqdim olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31