Vətəndaş cəmiyyətinin dövlət idarəçiliyində rolu
08:52 Sosialİstiqamət: Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu
Vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu demokratik inkişafın əsas sütunları hesab olunur. Bu anlayışlar bir-biri ilə sıx bağlıdır və cəmiyyətin sabit, ədalətli idarə olunmasına xidmət edir. Vətəndaş cəmiyyəti dövlət strukturlarından kənarda fəaliyyət göstərən, insanların könüllü şəkildə birləşdiyi ictimai münasibətlər sistemidir. Bura qeyri-hökumət təşkilatları, həmkarlar ittifaqları, media, xeyriyyə fondları, ictimai birliklər və təşəbbüs qrupları daxildir. Vətəndaş cəmiyyətinin əsas xüsusiyyətləri bunlardır: insan hüquq və azadlıqlarının qorunması, vətəndaş fəallığı, ictimai nəzarət, plüralizm və fikir müxtəlifliyi, könüllülük və müstəqillikdir. Hüquqi dövlət quruculuğunda vətəndaş cəmiyyətlərinin xüsusi yeri var.
Hüquqi dövlət isə elə dövlətdir ki, orada qanunun aliliyi təmin olunur, bütün vətəndaşlar qanun qarşısında bərabərdir, insan hüquq və azadlıqları qorunur, hakimiyyət bölgüsü prinsipi həyata keçirilir, məhkəmələr müstəqil fəaliyyət göstərir. Hüquqi dövlətin əsas prinsipləri qanunun aliliyi, insan hüquqlarının təminatı, hakimiyyət bölgüsüdür. Hakimiyyət bölgüsü özündə məhkəmə müstəqilliyi və demokratik idarəetməni təcəssüm etdirir.
Vətəndaş cəmiyyəti ilə hüquqi dövlət arasında əlaqə mütənasibdir. Başqa sözlə, vətəndaş cəmiyyəti hüquqi dövlətin formalaşmasına kömək edir. Belə ki, ictimai siyasi xadimlər, vətəndaş cəmiyətlərinin fəalları dövlət fəaliyyətinə ictimai nəzarət edir, qanunların ədalətli tətbiqinə təsir göstərir, korrupsiya və hüquq pozuntularına qarşı mübarizədə iştirak edir. Eyni zamanda, hüquqi dövlət də vətəndaş cəmiyyətinin sərbəst fəaliyyət göstərməsi üçün hüquqi təminatlar yaradır. Ümumilikdə, güclü vətəndaş cəmiyyəti olmadan hüquqi dövlətin inkişafı çətinləşir. Hüquqi dövlət isə vətəndaşların hüquq və azadlıqlarını qoruyaraq demokratik cəmiyyətin inkişafına şərait yaradır. Buna görə də bu iki anlayış qarşılıqlı şəkildə bir-birini tamamlayır.
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı ölkənin müstəqillik əldə etməsindən sonra daha fəal mərhələyə qədəm qoymuşdur. Xüsusilə 1990-cı illərdən etibarən demokratik institutların formalaşdırılması, insan hüquqlarının qorunması və ictimai iştirakçılığın artırılması istiqamətində müxtəlif addımlar atılmışdır. Vətəndaş cəmiyyətinin formalaşması qeyri-hökumət təşkilatları (QHT-lər), gənclər və qadın təşkilatları, media qurumları, xeyriyyə və sosial birliklər yaranmağa başlamışdır.
Bu təşkilatlar sosial problemlərin həllinə, maarifləndirməyə, insan hüquqlarının müdafiəsinə, ekoloji və humanitar layihələrə dəstək vermişdir. Vətəndaş cəmiyyətlərinin ilkin formalaşma dövründə ilk müstəqil ictimai birliklər yaradıldı, söz və birləşmək azadlığı üçün hüquqi baza formalaşdı, beynəlxalq təşkilatlarla əməkdaşlıq genişləndi. İnstitusional inkişaf mərhələsində isə QHT-lərin sayı artdı, dövlət tərəfindən müxtəlif sosial layihələr dəstəkləndi, vətəndaş cəmiyyəti institutlarının hüquqi fəaliyyəti daha da tənzimləndi. Hazırda Azərbaycanda vətəndaş cəmiyyəti sosial layihələrdə, təhsil və ekoloji təşəbbüslərdə, şəhid ailələri və həssas qruplara dəstək proqramlarında, könüllülük fəaliyyətlərində aktiv iştirak edir. Xüsusilə, gənclərin könüllü fəaliyyətə marağı son illərdə artmışdır.
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına təsir edən bir sıra amillər mövcuddur. Konstitusiyada insan hüquq və azadlıqlarının təsbit olunması, QHT-lərin fəaliyyəti üçün hüquqi bazanın yaradılması, beynəlxalq əməkdaşlıq, informasiya texnologiyalarının və sosial medianın inkişafı, gənclərin ictimai fəallığının artması kimi məsələlər bu qəbildəndir. Lakin, vətəndaş cəmiyyətlərinin də fəaliyyətində bir sıra çətinliklər sezilir. Bəzi hallarda maliyyə resurslarının məhdudluğu, ictimai fəallığın zəifliyi, hüquqi və təşkilati çətinliklər vətəndaş cəmiyyətinin inkişaf tempinə təsir göstərə bilir. Bütün bunlara baxmayaraq Azərbaycanda vətəndaş cəmiyyəti tədricən inkişaf edən mühüm ictimai institutdur. Onun güclənməsi demokratik idarəetmənin, hüquqi dövlət quruculuğunun və insan hüquqlarının qorunmasının vacib şərtlərindən biridir.
Vətəndaş cəmiyyəti dövlətlə cəmiyyət arasında əlaqə yaradan mühüm ictimai institutdur. O, vətəndaşların maraqlarını ifadə edir, dövlət fəaliyyətinə ictimai nəzarəti təmin edir və demokratik idarəetmənin inkişafına kömək göstərir. Hazırda vətəndaş cəmiyyətlərinin dövlət idarəçiliyində əsas rolu ictimai nəzarətin həyata keçirilməsi ilə müşahidə olunur. Vətəndaş cəmiyyəti dövlət orqanlarının fəaliyyətini izləyir, qanunların icrasına nəzarət edir, korrupsiya və sui-istifadə hallarının qarşısının alınmasına kömək edir. Bu da öz növbəsində idarəetmədə şəffaflığın və hesabatlılığın artmasına səbəb olur.
Həmçinin, Qeyri-hökumət təşkilatları vətəndaşların maraqlarının müdafiəsində əhəmiyyətli rol oynayırlar. Belə ki, Qeyri-hökumət təşkilatları və ictimai birliklər əhalinin müxtəlif sosial qruplarının problemlərini gündəmə gətirir, dövlət qurumlarına təkliflər verir, insanların hüquqlarının müdafiəsində iştirak edir.
Demokratik idarəetmənin inkişafına öz töhfəsini verən vətəndaş cəmiyyətləri insanların qərar qəbulunda iştirakını artırır, siyasi və hüquqi maarifləndirmə aparır, demokratik dəyərlərin formalaşmasına təsir edir. Sosial problemlərin həllində iştirak edən vətəndaş cəmiyyətləri sosial yardım layihələri həyata keçirir, təhsil, səhiyyə və ekologiya sahəsində fəaliyyət göstərir, həssas əhali qruplarına dəstək olur. Bu fəaliyyət isə dövlətin sosial siyasətini tamamlayır.
Dövlət və cəmiyyət arasında vasitəçilik edən qurumlar vətəndaşların tələb və təkliflərini dövlətə çatdırır, ictimai dialoqu gücləndirir, sosial gərginliyin azalmasına kömək edir. Nəticə etibarilə güclü vətəndaş cəmiyyəti hüquqi dövlətin inkişafına, insan hüquqlarının qorunmasına, şəffaf və ədalətli idarəetməyə, vətəndaş fəallığının artmasına şərait yaradır. Vətəndaş cəmiyyəti dövlət idarəçiliyinin mühüm tərəfdaşıdır. Onun fəaliyyəti demokratik cəmiyyətin inkişafına, dövlət orqanlarının daha səmərəli və məsuliyyətli işləməsinə mühüm töhfə verir.
Alim Hüseynli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir