Azərbaycanda yenidən dabaq riski: Nazirlikdən RƏSMİ AÇIQLAMA

"Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının dərc etdiyi rəsmi məlumatlara görə Azərbaycanın da daxil olduğu regionda bəzi dövlətlərdə dabaq xəstəliyinin bir sıra tipləri qeydə alınıb".

Olaylar.az xəbər verir ki, bu barədə "Yeni Sabah"ın sorğusuna cavab olaraq, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin mətbuat katibi Murtuzəli Hacıyev bildirib.

O qeyd edib ki, hazırda Respublika ərazisində dabaq xəstəliyinə görə epizootik vəziyyət sabitdir:

"Bu isə respublika ərazisində təsərrüfatlarda mövcud olan cütdırnaqlı heyvanları risklərdən qorumaq üçün tədbirlər görməyi vacib edir. Ölkə ərazisində vaxtında lazımi baytarlıq tədbirləri aparıldığından xəstəlik riskləri minimuma endirilərək və epizootik vəziyyət nəzarətdə saxlanılır. Hazırda qeyd olunduğu kimi dabaq xəstəliyinə və digər xüsusi təhlükəli xəstəliklərə görə epizootik vəziyyət sabitdir.

2025-ci və 2026-cı illərin müvafiq aylarında dabaq xəstəliyinin SAT 1 tipinə qarşı plandankənar peyvəndləmə aparılıb. Azərbaycan Respublikası üzrə 2026-cı il üçün təsdiq olunmuş "Epizootiya əleyhinə Tədbirlər Planı"na uyğun olaraq ilin birinci yarısında iribuynuzlu və xırdabuynuzlu heyvanlarda dabaq xəstəliyi əleyhinə profilaktiki peyvəndləmə həyata keçirilib. Təsərrüfat sahibləri ilə müntəzəm maarifləndirmə işləri aparılaraq, dezinfeksiya tədbirləri görülüb".

Qurum rəsmisi əlavə edib ki, iribuynuzlu heyvanlar mütəmadi olaraq peyvəndləməyə cəlb edilməlidir:

"Yaylaq mövsümü ilə əlaqədar olaraq heyvan sahibləri yaylağa köç edəcək heyvanları müəyyənləşdirməli, heyvanlarını Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi tərəfindən aparılan bütün profilaktiki peyvəndləmə tədbirlərinə cəlb etməlidirlər. Heyvanlarını ektoparazitlərə qarşı işləmələrdən keçirməlidirlər".

Baytar Cansu Məmmədova isə deyib ki, dabaq yüksək yoluxuculuğa malik xəstəlik olduğundan müəyyən risk həmişə mövcuddur:

"Dabaq xəstəliyi ilə bağlı epizootik vəziyyət nəzarət altındadır və aidiyyəti qurumlar tərəfindən monitorinq tədbirləri davam etdirilir. Xəstəliyin yayılmasının qarşısının alınması istiqamətində operativ tədbirlər həyata keçirərək riskli ərazilərdə məhdudlaşdırıcı və profilaktik işlər gücləndirilib. Bununla belə, dabaq yüksək yoluxuculuğa malik xəstəlik olduğundan müəyyən risk həmişə mövcuddur. Xüsusilə heyvanların nəzarətsiz hərəkəti, qeyri-qanuni heyvan daşınmaları və baytarlıq qaydalarına əməl olunmaması xəstəliyin yenidən yayılması üçün şərait yarada bilər. Bu səbəbdən davamlı nəzarət tədbirləri vacib hesab olunur".

Mütəxəssis sonda bildirib ki, sanitar-gigiyenik qaydalara əməl etmək və xəstəlik əlamətləri müşahidə olunan heyvanlarla bağlı dərhal baytarlıq xidmətlərinə məlumat vermək vacibdir:

"Xəstəliyin yenidən yayılmasının qarşısını almaq məqsədilə mütəmadi peyvəndləmə, dezinfeksiya işləri, epizootoloji monitorinqlər, heyvanların baytarlıq müayinəsi və təsərrüfatlara nəzarət tədbirləri həyata keçirilir. Eyni zamanda heyvan daşınmaları zamanı baytarlıq müşayiətedici sənədlərinə ciddi nəzarət olunur və maarifləndirmə tədbirləri aparılır. Yaylaq mövsümünün başlaması ilə əlaqədar vətəndaşlara və xüsusilə heyvandarlıqla məşğul olan şəxslərə tövsiyə olunur ki, heyvanları yalnız sağlamlıq vəziyyəti yoxlanıldıqdan və peyvəndləri tamamlandıqdan sonra yaylaqlara çıxarsınlar. Naməlum mənşəli heyvanlarla təmasdan çəkinmək, təsərrüfatlarda sanitar-gigiyenik qaydalara əməl etmək və xəstəlik əlamətləri müşahidə olunan heyvanlarla bağlı dərhal baytarlıq xidmətlərinə məlumat vermək vacibdir. Və ən önəmlisi sahibkarlar mütləq şəkildə heyvanları baytar müayinəsindən keçirməli, vaxtı-vaxtında peyvənd prosedurlarını etdirməlidirlər".

Xatırladaq ki, ötən ilin oktyabrında Azərbaycanın bir sıra rayonlarında iri və xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyi yayılmışdı. Virus mənşəli bu infeksiya nəticəsində heyvanların süd məhsuldarlığının kəskin şəkildə (50-70%) azalması və kütləvi yoluxma halları kənd təsərrüfatına ciddi iqtisadi ziyan vurmuşdu. Yaranmış təhlükə ilə əlaqədar olaraq, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkə ərazisində bioloji təhlükəsizliyin qorunması məqsədilə operativ tədbirlərin görülmüşdü.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31