Mütaliə mədəniyyətinin inkişafı vacib şərtdir- ÖZƏL
12:21 SosialAzərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Nəşriyyatlar Assosiasiyası İctimai Birliyinin təşkilatçılığı ilə baş tutan V Uşaq Kitab Festivalının rəsmi açılış mərasimi keçirilib. Festifala Milli Məclisin deputatı Ceyhun Məmmədov da qatılıb. Bu barədə "Olaylar"a deputatın özü məlumat verib: "Festival ölkəmizin və regionun bu formatda keçirilən ən əhəmiyyətli layihələrindən biri hesab olunur. Festival çərçivəsində uşaqlarda mütaliə vərdişlərinin formalaşdırılması, kitab sevgisinin təşviqi, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda yetişdirilməsi və onların intellektual inkişafının dəstəklənməsi istiqamətində mühüm fikir mübadiləsi apardıq.
Çıxışımda qeyd etdim ki, kitab oxuyan, düşünən və araşdıran gənclik cəmiyyətin gələcək inkişafının əsas dayaqlarından biridir. Uşaqların erkən yaşlardan kitabla dost olması onların dünyagörüşünün formalaşmasına, nitq və təfəkkür bacarıqlarının inkişafına, eyni zamanda milli kimliyə və mənəvi dəyərlərə bağlı böyüməsinə mühüm təsir göstərir.
Eyni zamanda vurğuladım ki, müasir dövrdə informasiya bolluğu şəraitində uşaqların düzgün istiqamətləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan kitab festivalları yalnız mədəni tədbir deyil, həm də maarifləndirici və tərbiyəvi missiya daşıyan vacib platformalardır.
Bildirdim ki, ailə, məktəb və cəmiyyət birgə şəkildə uşaqlarda mütaliəyə marağın artırılması istiqamətində davamlı fəaliyyət göstərməlidir. Çünki kitab oxumaq yalnız bilik qazanmaq deyil, həm də insanın düşüncə tərzinin, mənəvi dünyasının və həyata baxışının formalaşması deməkdir.
Festival çərçivəsində uşaqların kitablara olan böyük marağı, onların müxtəlif təqdimat və müzakirələrdə fəal iştirakı xüsusi diqqət çəkirdi. Bu isə bir daha göstərir ki, ölkəmizdə mütaliə mədəniyyətinin inkişafı istiqamətində həyata keçirilən layihələr mühüm nəticələr verir. Düşünürəm ki, belə təşəbbüslər gələcəkdə daha savadlı, dünyagörüşlü, milli dəyərlərinə bağlı və yaradıcı gənc nəslin formalaşmasına mühüm töhfə verəcəkdir"