Yol təhlükəsizliyi ilə bağlı ciddi XƏBƏRDARLIQ
11:47 SosialDİN-in Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti iştirakçılarına müraciət edib.
İdarədən verilən məlumata görə, müraciətdə deyilir:
"Son günlərdə baş verən piyadavurma hadisələrinin təhlili bir sıra təhlükəli məqamları yenidən xatırlatmağı tələb edir. Belə ki, qeydə alınan hadisələr bir daha deməyə əsas verir ki, hələ də əksər piyadaların yol hərəkəti qaydalarına əhəmiyyət verməməsi, yolu istənilən yerdən keçmək alışqanlığı, yolu keçərkən qulaqlıqdan istifadə edilməsi, yaxud diqqəti yayındıran, onlara təhlükəli sahədə olduqlarını unutduran məşğuliyyətə aludəçilik - bir sözlə, ən sadə təhlükəsizlik qaydalarına biganə yanaşılması yollarımızda yaşanan faciələrin başlıca səbəblərindən biridir.
Lakin hər bir hərəkət iştirakçısı bilməlidir ki, yol birgə istifadə məkanıdır. Qaydaların hər kəsə şamil edildiyi bu mühitdə özünü ümumi davranış normalarından kənarda zənn edən hərəkət iştirakçısı, o cümlədən piyada potensial faciə qurbanına çevrilə bilər".
DYP-dən bildirilib ki, piyadaların üzərinə düşən ən sadə, lakin həyat əhəmiyyətli vəzifə isə yolu yalnız müəyyən olunmuş keçidlərdən və diqqətli şəkildə keçməkdir:
"Unutmamalıyıq ki, bu sadə qaydaya əməl etməyən piyada istər bilərəkdən, istərsə də ehtiyatsızlıqdan özünün və digər hərəkət iştirakçılarının taleyini dəyişə bilər".