“İdman narkotiklərə qarşı: sağlam həyatı seç!” layihəsinə start verilib
12:52 Sosial"Aktor" İctimai və Sosial Tədqiqatlar İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 1 may 2026-ci il tarixindən "İdman narkotiklərə qarşı: sağlam həyatı seç!" layihəsinin icrasına start verib.Təşkilatdan verilən məlumata görə, layihə 3 ay müddətində (01 may-31 iyul 2026-cı il) icra olunacaq.
Layihə rəhbəri Telman Məmmədov bildirib ki, layihənin məqsədi narkotik əleyhinə vətəndaşları səfərbər etmək, fəsadları barədə ictimaiyyəti məlumatlandırmaq, səbəbləri ilə mübarizə aparmaq, davamlı və sistemli yanaşma ilə sağlam cəmiyyətin formalaşmasına töhfə verməkdir.
Onun sözlərinə görə, layihə çərçivəsində müxtəlif istiqamətlər üzrə fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulub. Belə ki, mövzu ilə bağlı internet televiziyasında iki maarifləndirici veriliş hazırlanacaq, narkotiklərlə mübarizəyə çağırış edən sosial çarx ictimaiyyətə təqdim olunacaq.
Bununla yanaşı, Bakı və Gəncə şəhərlərində tədbirlərin təşkili nəzərdə tutulub. Tədbirlər zamanı mütəxəssislərin çıxışları, gənclərlə interaktiv görüşlər və idmanın sağlam həyat üçün əhəmiyyətini vurğulayan təqdimatlar keçiriləcək, 18-35 yaş arası hədəf qrupunun üzvləri ilə fikir mübadiləsi aparılacaq, suallar cavablandırılacaq.Daha sonra isə mini idman yarışlarına start veriləcək, qaliblər, həmçinin iştirakçılar rəmzi çağırışlar edəcəklər.
Layihə rəhbəri diqqətə çatdırıb ki, dünyada və Azərbaycanda "ağ ölüm" kimi tanınan narkotik vasitələrə qarşı mübarizə uzun illərdir müxtəlif metodlarla aparılır. Beynəlxalq təcrübədə maarifləndirmə kampaniyaları, reabilitasiya proqramları və idmanın təşviqi əsas alətlərdən biri kimi çıxış edir. Bir çox ölkələrdə gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması üçün idman klublarına cəlb olunması və sosial layihələrin həyata keçirilməsi müsbət nəticələr verir.
Azərbaycanda da bu istiqamətdə ardıcıl tədbirlər görülür. Dövlət qurumları və ictimai təşkilatlar tərəfindən həyata keçirilən layihələr çərçivəsində narkomaniyanın fəsadları barədə ictimaiyyətin məlumatlandırılması, xüsusilə yeniyetmə və gənclərin diqqətinin sağlam həyat tərzinə yönəldilməsi prioritet hesab olunur. Reabilitasiya mərkəzlərinin fəaliyyəti, profilaktik tədbirlər və maarifləndirici kampaniyalar bu mübarizənin əsas istiqamətlərindəndir.
Təşkilatın nümayəndəsi xatırladıb ki, layihənin əsas hədəfi idmanın gənclər arasında daha geniş təbliği və narkotiklərdən uzaq, sağlam cəmiyyətin formalaşmasına töhfə verməkdir.
Məlum olduğu kimi, narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Narkomaniya və narkobiznesin mənfi təsirləri təkcə insanların sağlamlığına, mənəviyyatına deyil, bu zərərli vərdiş həmçinin dünya iqtisadiyyatına da ciddi zərbə vurur. Problem dünyada münaqişə və müharibə ocaqlarının, işğal və nəzarətsiz zonaların, nüvə bazalarının, terrorçu mərkəzlərin, mütəşəkkil cinayətkar qrupların yaradılması, silah alverinin güclənməsi sahəsində də mühüm rol oynayır. Mütəxəssislərin hesablamalarına görə, narkotiklərin qanunsuz dövriyyəsindən hər il yüz milyardlarla dollar gəlir əldə edilir. BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin hesablamalarına görə isə dünyada narkotiklərin ticarəti, neft və silah alverindən sonra üçüncü ən çox gəlir gətirən sahə hesab olunur.
Qeyd edildiyi kimi, layihənin donoru Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir!