Şəhidlərimizin Qanı, Anaların Duası: Əbədi Ehtiram- GÜLƏR MÜBARİZ YAZIR
12:51 SosialAzərbaycanın müasir hərb tarixinə imza atan 44 günlük Vətən Müharibəsi 2020-ci ilin 8 noyabrında Şuşanın azad olunması ilə özünün zirvə nöqtəsinə çatdı. Bu Zəfər otuz illik həsrətə son qoyaraq, regionda yeni bir reallıq yaratdı.
Zəfər Günü kimi qeyd etdiyimiz 8 noyabr təsadüfi seçilməmişdir. Şuşa əməliyyatı dünya hərb tarixində bənzəri olmayan bir qəhrəmanlıq nümunəsidir. Xüsusi təyinatlılarımızın sıldırım qayaları yalın əllərlə dırmaşaraq, duman və çiskin altında əlbəyaxa döyüşlə düşməni məğlub etməsi bu qələbənin mənəvi gücünü nümayiş etdirdi. Şuşanın azad edilməsi Ermənistanın hərbi və psixoloji müqavimətini tamamilə qırdı və onları kapitulyasiya aktını imzalamağa məcbur etdi.
"Dəmir Yumruq" Əməliyyatı: Birliyin Gücü
Bu qələbənin arxasında üç mühüm amil ,Müzəffər Ali Baş Komandanın qətiyyəti,diplomatik və hərbi müstəvidə atılan düzgün addımlar, rəşadətli Azərbaycan Ordusu, ən müasir texnologiyalarla PUA-lar, yüksək dəqiqlikli silahlar və qəhrəman əsgərin ruhu ilə qazanılan hərbi üstünlük. Bununla bərabər xalq-iqtidar birliyi, Dəmir Yumruq" əməliyyatı zamanı dünya azərbaycanlılarının bir amal uğrunda birləşməsi. Zəfər Günü həm də beynəlxalq hüququn və tarixi ədalətin təntənəsidir. Azərbaycan BMT Təhlükəsizlik Şurasının 30 il kağız üzərində qalan qətnamələrini təkbaşına icra edərək, öz suverenliyini tam bərpa etdi. Bu gün Qarabağda ucalan üçrəngli bayrağımız həm də şəhidlərimizin qanı bahasına qazanılmış əbədi azadlığın nişanəsidir. Qeyd etməliyəm ki, 8 Noyabr Azərbaycanın məğlub xalq damğasını üzərindən atıb, qalib dövlətə çevrildiyi gündür. Bu zəfər gələcək nəsillər üçün bir qəhrəmanlıq məktəbi, region üçün isə sülh və quruculuq erasının başlanğıcıdır.
Bu möhtəşəm Zəfər təkcə hərbi gücün deyil, həm də sarsılmaz ruhun qələbəsidir. Biz bu günü ilk növbədə canlarını Vətən uğrunda fəda edən, Azərbaycanın suverenliyi üçün şəhadət şərbətini içən qəhrəman şəhidlərimizə borcluyuq. Hər bir şəhidimizin adı qəlbimizdə əbədi yaşayacaq, onların keçdiyi döyüş yolu gələcək nəsillər üçün bir qəhrəmanlıq məktəbi olacaqdır. Döyüş meydanında aslan kimi vuruşan, sağlamlığını itirsə də, qürurunu itirməyən qazilərimizə sonsuz minnətdarlığımızı bildiririk. Onların fədakarlığı və mətanəti hər bir azərbaycanlı üçün fəxr mənbəyidir. Və ən böyük təşəkkür o müqəddəs Analaradır! Dizləri üstündə Vətən sevgisi ilə qəhrəmanlar böyüdən, "Vətən sağ olsun!" deyib mətanət nümayiş etdirən şəhid analarının qarşısında baş əyirik. Bu zəfərin əsl memarları məhz övladını cəbhəyə xeyir-dua ilə yola salan, xalqın namusunu və torpağını hər şeydən uca tutan o cəsur Azərbaycan qadınlarıdır.