Mayın 10-da universitetlərə qəbul üzrə sınaq imtahanı keçiriləcək

Mayın 10-da ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçiriləcək.

Bu barədə   Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, sınaq imtahanında iştirakçılara ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının II mərhələsinin modelinə uyğun test tapşırıqları təqdim olunacaq.

İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 5554 abituriyent qeydiyyatdan keçib. İmtahan mayın 10-da Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində ümumilikdə 26 binada təşkil olunacaq.

Sınaq imtahanı bütün binalarda saat 10:00-da başlanacaq. İmtahanda iştirak edəcək abituriyentlərin nəzərinə çatdırırıq ki, imtahan binasına buraxılış saat 09:45‑də başa çatacaq. İmtahanın başlanmasına 15 dəqiqə qalmış buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar. İmtahan iştirakçıları qeyd olunanları nəzərə almalı və buraxılış vərəqəsində göstərilən vaxtdan gec olmayaraq imtahan binasında olmalıdırlar.

İmtahanın müddəti 3 saatdır. Yazılı cavab vermək tələb olunan açıq tipli tapşırıqların cavabları "cavab vərəqi"ində nəzərdə tutulan müvafiq yerlərdə, digər tapşırıqların cavabları isə "cavab kartı"ında qeyd olunur. İmtahanın sonunda cavab vərəqələri və cavab kartları abituriyentlərdən təhvil alınır, sual kitabçalarını isə aparmağa icazə verilir.

"Abituriyentlərin nəzərinə çatdırırıq ki, imtahan binalarına buraxılış yalnız onların şəxsiyyət vəsiqəsinin əsli və "İmtahana buraxılış vərəqəsi" əsasında həyata keçirilir.

Göstərilən sənədlərindən biri olmayan, sənədləri arasında uyğunsuzluq olan, imtahana şəxsiyyət vəsiqəsinin surəti ilə gələn abituriyentlər imtahana buraxılmırlar", - məlumatda qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31