“Yelo Bank” məsələsində yeni detallar: Rəsmi AÇIQLAMA

Azərbaycan Mərkəzi Bankı "Yelo Bank"a tətbiq edilən sanksiyalarla bağlı açıqlama verib.

Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov mətbuat konfransında jurnalistlətin suallarını cavablandırarkən məlumat verib.

T.Kazımov bildirib ki, məsələ Avropa İttifaqının 11-ci sanksiya paketi çərçivəsində baş verib.

Onun sözlərinə görə, Mərkəzi Bank məsələ ilə bağlı bankla daim əlaqə saxlayır və hazırda ciddi risklər müşahidə olunmur:

"Bank kifayət qədər dayanıqlıdır. Həm likvidlik, həm də kapital adekvatlığı baxımından hər hansı mənfi gözləntimiz yoxdur".

T.Kazımov qeyd edib ki, sanksiyalar müəyyən ödənişlərdə çətinlik yarada bilsə də, son həftələrdə aparılan müzakirələr zamanı ciddi problem qeydə alınmayıb.

Əlavə edib ki, qərarın səbəbləri ilə bağlı araşdırmalar aparılır və məsələ hüquqi müstəviyə çıxarılacaq:

"Ümid edirik ki, növbəti aylarda Avropa İttifaqı bu qərarını dəyişdirəcək. Çünki hər hansı əsaslı səbəb görmürük".

O, həmçinin bildirib ki, bankın Rusiya Federasiyasının SPFS sisteminə qoşulması ilə bağlı iddialar köhnə dövrə aiddir:

"Bu qoşulma münaqişədən əvvəl olub və sistem istifadə edilmədən bağlanıb. Ola bilsin ki, burada anlaşılmazlıq var".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31