Yaşıl gələcək naminə: Qlobal iqlim dəyişikliyi dövründə maarifləndirmənin önəmi artır- ÖZƏL
12:25 Sosial"Qlobal iqlim dəyişikliyi ilə səciyyələnən müasir dövrdə dayanıqlı inkişafın və ekoloji təhlükəsizliyin təmin olunması məqsədi ilə əhali arasında genişmiqyaslı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi zəruri hala gəlib". Bu sözləri Olaylar.az-a açıqlamasında "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədr Elman Cəfərli deyib. Onun sözlərinə görə, yaşadığımız dövrdə içməli və subvarma suyuna qənaət olunmalı, ətraf mühitin mühafizəsinə diqqət ayrılmalı, ekolonji şüurungüclənməsi istiqamətində tədbirlər görülməlidir: "Yeni mərhələdə cəmiyyətin bütün təbəqələrində, xüsusilə də gənc nəslin nümayəndələri arasında ekoloji şüurun formalaşdırılması, təbiətə və ətraf mühitə qarşı məsuliyyətli yanaşmanın təşviqi prioritet istiqamətlərdən biri kimi çıxış edəcək. Qlobal miqyasda su resursları tükənir, elə ölkəmizdə də çaylar quruyur, içməli və suvarma suyu azalır. İnsanlar hətta mətbəxdə belə suya, ənənəvi enerjiyə qənaət vərdişləri formalaşmalıdır.
Eyni zamanda, təbii resurslardan səmərəli və qənaətli istifadə vərdişlərinin aşılanması, tullantıların düzgün idarə olunması və çeşidlənməsi mədəniyyətinin formalaşdırılması, ətraf mühitin mühafizəsi sahəsində ictimai iştirakçılığın artırılması mühüm vəzifələr sırasındadır. Bu istiqamətdə həyata keçiriləcək məqsədyönlü tədbirlər vasitəsilə vətəndaşlarda ekoloji məsuliyyət hissinin gücləndirilməli, onların gündəlik həyat fəaliyyətində ekoloji cəhətdən davamlı davranış modellərinə üstünlük verməsi təmin edilməlidir. Bununla yanaşı, təbii sərvətlərin qorunması, ekosistemlərin davamlılığının təmin edilməsi və gələcək nəsillər üçün sağlam ətraf mühitin saxlanılması məqsədilə müvafiq maarifləndirici proqramlar, təlimlər və təşviqat kampaniyaları olunmalıdır. Bu tədbirlər nəticəsində cəmiyyətdə ekoloji mədəniyyətin yüksəldilməsi, təbiətə həssas və məsuliyyətli münasibətin formalaşdırılması və ətraf mühitin qorunmasına yönəlmiş təşəbbüslər genişlənməlidir". Ekoloq bildirib ki, son illər plastik qablardan, politilen torbalardan geniş istifadə ətraf mühitin çirklənməsinin əsas səbəblərindən biri ki göstərilir.
"Bu problem yalnız ekosistemlərə deyil, həm də insan sağlamlığına ciddi təhdid yaradır. Təəssüf ki, cəmiyyətimizdə alternativ, ekoloji təmiz seçimlərə keçid hələ də yetərli səviyyədə deyil. Müasir dövrdə ekoloji tarazlığın qorunması və dayanıqlı inkişafın təmin olunması baxımından ekosistemin və biomüxtəlifliyin mühafizəsi xüsusi əhəmiyyət kəsb edir. Lakin urbanizasiya proseslərinin sürətlənməsi, insan fəaliyyətinin təbiətə artan təsiri və sosial məsuliyyətin yetərincə formalaşmaması nəticəsində sahibsiz heyvanların sayı artmaqda, onların həyat şəraiti ağırlaşmaqda və bu hal ekosistem daxilində müəyyən disbalansın yaranmasına səbəb olmaqdadır".
Ekoloq hesab edir ki, son illər sahibsiz heyvanlara yanaşmaları dəyişməsi də müsbət haldır.
"İndi əksər küçələrdə heyvan yemləri satılır. Bir sıra məhəllələrdə sahibsiz heyvanların daldalanması üçün evciklərin, quş yuvalarının yerləşdirildiyi müşahidə olunur. Bu, olduqca yaxşı bir haldır. Amma sahibsiz heyvanlara yanaşmada ümumi vəziyyət yenə də ürəkaçan deyil. Mövcud vəziyyət göstərir ki, cəmiyyətdə küçə it və pişiklərinə qarşı münasibət birmənalı deyil, bir çox hallarda laqeydlik və ya neqativ yanaşma müşahidə olunur. Bu isə həm heyvanların rifahına mənfi təsir göstərir, həm də ümumi ekoloji mühitə və biomüxtəlifliyin qorunmasına dolayısı ilə təhlükə yaradır. Unutmayaq ki, sahibsiz heyvanlar da ekosistemin ayrılmaz tərkib hissəsidir, onlar təbii tarazlığın qorunmasında müəyyən rol oynayır".
İBRAHİM MƏMMƏDLİ