"Tək yaşamaq hamı üçün uyğun deyil" - Psixoloqdan AÇIQLAMA

Son illərdə xüsusilə böyük şəhərlərdə "tək yaşayanlar" fenomeni daha geniş yayılıb.

Mütəxəssislər bildirirlər ki, bu tendensiya yalnız həyat tərzi seçimi deyil, həm də sosial münasibətlərdə və psixoloji davranışlarda baş verən dəyişikliklərin nəticəsidir.

Olaylar.az xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a danışan psixoloq Gülnar Orucova bildirib ki, tək yaşamaq bəzi insanlar üçün şüurlu və sağlam seçim sayılsa da, bu həyat tərzi hər kəs üçün uyğun deyil:

"Əgər insan tək yaşayanda özünü azad, rahat və xoşbəxt hiss edirsə, bu insanlar tək yaşaya bilən insanlardır. Amma tək qalanda qorxu, narahatlıq və təcrid hiss edən şəxslər üçün bu həyat tərzi uyğun deyil. Öz emosiyalarını idarə edə bilən, özünü yaxşı tanıyan, həmçinin karyera yönümlü və məqsədyönlü insanlar tək yaşamağa daha meyilli olurlar. Həddən artıq ünsiyyətdə olan bəzi peşə sahibləri də bir müddətdən sonra bu ünsiyyətdən yorulub təkliyə çəkilirlər".

Psixoloqun sözlərinə görə, uzun müddət tək yaşamaq bəzi hallarda psixoloji problemlərə də yol aça bilər:

"Bu gün müraciətlər arasında tək yaşayan insanların bir qisminin panik atak və obsessiv-kompulsiv pozuntu ilə üzləşdiyini görürük. Bu, uzunmüddətli və çətin həll olunan problemlər sırasına daxildir. Belə hallarda paralel olaraq həm psixoloq, həm də psixiatr dəstəyi vacibdir".

Ekspert əlavə edib ki, sosial dəyişikliklər də insanların tək yaşamağa meylini artırır:

"Münasibətlərin daha qısamüddətli olması, dostluqların tez bitməsi, boşanmaların artması və karyeranın ön plana keçməsi insanları təkliyə yönəldir. Xüsusilə böyük şəhərlərdə sosial münasibətlərin daha səthi olması bu tendensiyanı gücləndirir.

Amma əsas məsələ insanın tək yaşaması deyil, özünü yalnız hiss edib-etməməsidir. Əgər təklik insana rahatlıq və enerji verirsə, bu problem deyil. Lakin insan özünü yalnız hiss edir və bu vəziyyət ona psixoloji gərginlik yaradırsa, artıq müdaxilə lazım olur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31