Şəfalı əllərin gücü: Vətənə xidmət edən HƏKİMLƏR
18:30 SosialƏdib İSAOĞLU
İnsan həyatının ən həssas məqamlarında ümid qapısı olan həkimlər cəmiyyətin ən dəyərli sütunlarından biridir. Onların gülərüzü, mehriban davranışı və şəfalı əlləri yalnız xəstəlikləri müalicə etmir, həm də insanlara yaşamaq eşqi, sabaha inam bəxş edir. Bu yazıda məhz belə fədakar, peşəkar və vətənpərvər iki həkimdən - Orxan Həsrətov və İslam Səttarzadə haqqında bəhs etmək istəyirəm.
Bu iki igid həkim Naxçıvan Hərbi Hospitalında fəaliyyət göstərir. Onların işi təkcə tibbi xidmətlə məhdudlaşmır - onlar eyni zamanda Vətənin keşiyində dayanan əsgər və zabitlərin sağlamlığını qoruyur, döyüş ruhunu yaşadırlar. Əsgərin gücü onun sağlamlığından keçir, bu sağlamlığın arxasında isə məhz belə həkimlərin zəhməti dayanır.
Ordu - Vətənin sərhədi, sipəridir. Lakin bu sipərin arxasında onu möhkəmləndirən, gücləndirən görünməz bir qüvvə də var - həkimlər. Onlar səngərdə olmasalar da, səngərin arxasında dayanaraq həmin sərhədin dayağına çevrilirlər. Bu baxımdan Orxan Həsrətov və İslam Səttarzadə kimi həkimlər yalnız tibbin deyil, həm də vətənpərvərliyin simvoludur.
Onların fədakarlığı konkret həyat hekayələrində də öz əksini tapır. Belə ki, dəfələrlə düşmənlə üz-üzə gəlmiş, Vətənin keşiyində şərəflə dayanan İGİDLƏRİMİZİN sağlamlığı məhz bu həkimlərin səyi nəticəsində bərpa olunub. Bu, sadəcə bir müalicə deyil - bu, bir ömrün yenidən həyata qaytarılması, bir qəhrəmanın yenidən ayaqda durması deməkdir.
Həkimlərin əməyini sözlə ifadə etmək çətindir. Onların hər biri cəmiyyət üçün əvəzsizdir. Lakin belə nümunəvi həkimləri tanıtmaq, onların əməyini dəyərləndirmək yazı adamlarının borcudur. Bu yazdıqlarım gördüklərimin nəticəsidir, çünki yaxşı söz də bir təşəkkür, bir dəyər vermək formasıdır.
Sonda, əziz həkimlər - Orxan Həsrətov və İslam Səttarzadənin timsalında bütün səhiyyə işçilərinə dərin minnətdarlığımızı bildiririk. Onlara can sağlığı, xoşbəxtlik və uğurlar arzulayırıq. Çünki sağlam və xoşbəxt həkim, daha çox insana şəfa verə bilər.
Yaxşı ki, varsınız - şəfalı əllər sahibi, ümid işığı olan həkimlərimiz!