Hüquqi aktlarda 30-dan çox dəyişikliyə nail olunub-HP sədri
12:45 Sosial"Hesabatlılıq ənənəmizə sadiq qalaraq, bu Hesabatda da fəaliyyət barədə məlumatları Strateji Plan üzərindən icmallaşdırmışıq. Son ili 2025-ci ilə təsadüf edən Strateji Planın 5 illik icrasına dair əsas göstəriciləri də Hesabata daxil etmişik. Məqsəd - son 5 ildə ali audit orqanı olaraq ölkənin iqtisadi inkişafı və vətəndaşların rifah səviyyəsi üçün əhəmiyyətli hesab etdiyimiz sahələrdə keçirdiyimiz dövlət auditinin və digər fəaliyyətlərimizin hesabatlılığını təmin etməkdir".
"Olaylar" xəbər verir ki, bu fikirləri Hesablama Palatasının sədri V. Gülməmmədov rəhbərlik etdiyi qurumun 2025-ci ildə fəaliyyəti haqqında Plenar iclasda çıxışı zamanı deyib. Sədr bildirib ki, 2021-2025-ci illər üzrə Strateji Planın icrası beynəlxalq təcrübəyə uyğun olaraq illik Əməliyyat Planları vasitəsilə həyata keçirilib, bu illər ərzində 5 Əməliyyat Planı tərtib edilib: "Strateji Planın qüvvədə olduğu əksər illər üzrə Əməliyyat Planlarının icrası təxminən 90%-dən, Monitorinq Çərçivəsinin göstəricilərinin ümumi icrası 80%-dən çox olmuşdur. Müvafiq istiqamətə ayrılmış büdcənin icra səviyyəsi isə 80%-dən bir qədər çox olmuşdur ki, bu da Strateji Planın effektiv icrasını əks etdirən göstəricidir. Strateji Planda müəyyən edilmiş 2 yekun və 9 aralıq nəticə üzrə əhəmiyyətli irəliləyiş əldə etmiş, hədəflərin əksəriyyətinə nail olmuşuq.
Yekun nəticələr üzrə xüsusilə, dövlət maliyyəsinin hesabatlılığının və fiskal məsuliyyətin gücləndirilməsi istiqamətində büdcə sənədləşməsində həcm və keyfiyyət dəyişikliklərini, maliyyə və icmal büdcə hesabatlılığı üzrə ümumilikdə 4,0 mlrd. manatdan çox təhrifin aradan qaldırılmasını, hüquqi aktlarda 30-dan çox dəyişikliyi, işimizə etimad üzrə isə beynəlxalq reytinqlərdə, xüsusilə Açıq Büdcə İndeksi üzrə maksimum balı, həmkar qurumun fəaliyyətinin tərəfimizdən qiymətləndirilməsini, beynəlxalq təşkilatın maliyyə hesabatlarının auditinin bizə həvalə olunmasını, ASOSAI-ın İdarə Heyətinə üzvlüyü xüsusi qeyd etmək istərdim".