Müasir dövrdə müəllimlik peşəsi daha geniş bacarıqlar və daha çevik yanaşma tələb edir- ÖZƏL

"Müəllim cəmiyyətin gələcəyini formalaşdıran əsas sütunlardan biridir. Onun üzərinə düşən məsuliyyət təkcə bilik ötürmək deyil, eyni zamanda şəxsiyyət formalaşdırmaq, milli-mənəvi dəyərləri aşılamaq və gənc nəslin düzgün istiqamətdə yetişməsinə töhfə verməkdir. Müasir dövrdə müəllimlik peşəsi daha geniş bacarıqlar və daha çevik yanaşma tələb edir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib: "Təhsil sisteminin keyfiyyəti birbaşa müəllimin peşəkarlığından, motivasiyasından və davamlı inkişafından asılıdır. Bu baxımdan müəllimlərin peşəkar inkişaf proqramlarının gücləndirilməsi, onların yeni pedaqoji metodlara və rəqəmsal texnologiyalara uyğunlaşdırılması xüsusi əhəmiyyət daşıyır.
Təhsildə islahatların uğuru yalnız inzibati qərarlardan deyil, həm də müəllimlərin bu prosesə fəal və məsuliyyətli şəkildə cəlb olunmasından asılıdır. Müəllimlərin fikirlərinin dinlənilməsi və onların təcrübəsinin islahat prosesinə inteqrasiyası daha effektiv nəticələrin əldə olunmasına şərait yaradır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31