Direktorların biliklərinin yoxlanılması üzrə test imtahanı keçiriləcək
18:15 SosialDirektorların işə qəbulu müsabiqəsi çərçivəsində ixtisas biliklərinin yoxlanılması üzrə test imtahanı keçiriləcək.
Olaylar.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, imtahanda müsabiqənin qaydalarına uyğun olaraq təhsil və staj tələblərini ödəyən, lakin sertifikatlaşdırma, diaqnostik qiymətləndirmə və ya müəllimlərin işə qəbulu müsabiqəsinin test mərhələsi üzrə nəticəsi olmayan və ya müəyyən edilmiş tələblərdən aşağı nəticə göstərən direktorlar, direktor müavinləri, həmçinin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçılar iştirak edə bilər.
İmtahan namizədlərin ixtisas fənlərinə uyğun olaraq 2, 3, 10 və 11 may tarixlərində təşkil olunacaq. Bu istiqamətdə daha əvvəl keçirilmiş imtahana dəvət olunmuş şəxslərin sözügedən imtahanda iştirakı nəzərdə tutulmur.
Vətəndaşlar 23 aprel saat 17:00-dək çalışdıqları ümumi təhsil müəssisəsinin tabe olduğu yerli təhsil idarəetmə orqanına müraciət edərək imtahanda iştirak üçün qeydiyyatdan keçə bilərlər. Müraciət zamanı şəxsiyyət vəsiqəsinin və ali təhsil haqqında sənədin təqdim edilməsi tələb olunur.