Vergi borcunu ödəməyənləri hansı cəza gözləyir? - AÇIQLANDI
16:50 SosialDövlətin iqtisadi sabitliyinin qorunmasında vergi sisteminin rolu çox böyükdür. Bununla belə, bəzi hallarda vergi ödəyiciləri müxtəlif səbəblərdən öhdəliklərini vaxtında yerinə yetirə bilmir və nəticədə vergi borcu yaranır. Belə vəziyyətlərdə vergi orqanları müəyyən tədbirlər görür və məsuliyyət mərhələli şəkildə formalaşır.
Vergi borcunu ödəməyənləri hansı cəza gözləyir?
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı hüquqşünas Şulan Nağıyevin sözlərinə görə, borc ödənilmədikdə növbəti addım kimi bank hesablarına sərəncam tətbiq edilir. Bu sərəncamların iki əsas forması var:
"İcra edilən sərəncam əgər vergi ödəyicisi razıdırsa və ya borc 30 gün ərzində məhkəmədə mübahisələndirilməyibsə, həmin şəxsin bank hesabındakı vəsaitdən borc məbləği və onun 105 faizi tutularaq dövlət büdcəsinə köçürülür.
Dondurulan sərəncam əgər ödəyici borcu 30 gün ərzində məhkəməyə çıxarırsa və ya yazılı razılıq vermirsə, hesabdakı vəsait silinmir, sadəcə bloklanır.
Bu sərəncamlar şəxsin bütün bank hesablarına şamil edilir və borc tam ödənildikdən sonra ləğv olunur. Əgər bu tədbirlər nəticə verməzsə, qanunvericilikdə nəzərdə tutulmuş digər məcburi üsullar tətbiq edilir".
Hüquqşünas qeyd edib ki, vergi ödəyiciləri qəbul olunmuş inzibati qərarlardan narazı qaldıqda, 30 gün ərzində məhkəməyə müraciət etmək hüququna malikdirlər. Lakin vergi öhdəliklərindən qəsdən yayınma daha ciddi nəticələrə səbəb ola bilər. Belə hallarda şəxsləri müxtəlif məbləğlərdə cərimələr, ən ağır vəziyyətlərdə isə 5 ildən 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.