Əmək və sosial siyasət komitəsinin iclası keçirilib

Aprelin 17-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib. "Olaylar" xəbər verir ki, Komitə sədri Musa Quliyev iclasda iki məsələnin -  Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə və Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihələrinin ikinci oxunuşda müzakirəyə çıxarılacağını diqqətə çatdırıb.  
Komitə sədri gündəliyin ilk məsələsi - Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verib. O, bildirib ki, təklif olunan dəyişikliklərin əsas məqsədi narkomaniya xəstəliyinə düçar olmuş şəxslərin əmək münasibətlərinin daha konkret, obyektiv və şəffaf şəkildə tənzimlənməsidir.
Bununla yanaşı, qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə Əmək Məcəlləsinin 4 maddəsinə ümumilikdə 6 dəyişiklik təklif olunur, həmçinin 48-ci maddənin 5-ci bəndinə 5-2 və 5-3-cü yarımbəndlərin əlavə edilməsi nəzərdə tutulur.            
Daha sonra - Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Azərbaycan Respublikasının  Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verilib. Bildirilib ki, təqdim olunan layihəyə əsasən Əmək Məcəlləsində dəyişiklik edilərək işəgötürənlərin bərabər əməkhaqqı təmin etmək öhdəliyi daha da konkretləşdirilir, əməkhaqqı sistemində cinsə görə ayrı-seçkiliyin qarşısının alınması gücləndirilir.
Qeyd olunub ki, bu məqsədlə məcəllənin işəgötürənin vəzifələrini müəyyən edən 12-ci maddəsinin "g" bəndi təkmilləşdirilir və cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işləri yerinə yetirən işçilərə bərabər əməkhaqqının verilməsi işəgötürən üçün öhdəlik kimi müəyyən edilir.
Müzakirələrdə  komitənin üzvləri Vüqar Bayramov, Səttar Möhbalıyev və Soltan Məmmədov  çıxış edərək qanun layihəsinə dair fikirlərini səsləndiriblər, bəzi qeyd və təkliflərini irəli sürüblər.
Sonda  qanun layihələrinin hər ikisi  ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
İclasda komitənin sədr müavini Elşad Musayev, komitənin üzvləri, Nigar Məmmədova, Sevinc Hüseynova, Bədəl Bədəlov, Əziz Ələkbərov, Göydəniz Qəhrəmanov, Parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev və digər rəsmi şəxslər iştirak ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31