Uğur yalnız biliklə deyil, həm də davamlı inkişafla əldə olunur- ÖZƏL

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın təşəbbüsü və Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə təhsilalanlarla maarifləndirici görüş keçirilib. "Olaylar" xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Ceyhun Məmmədov məlumat verib: " Görüş zamanı şagirdlərlə açıq və səmimi müzakirələr apardıq, onların düşüncələrini dinlədik, maraqlandıran sualları cavablandırdıq və gələcək hədəfləri ilə bağlı fikir mübadiləsi etdik. Müasir dövrdə gənclərin qarşısında duran imkanlar, eyni zamanda çağırışlar barədə geniş danışdıq. Çıxışımda xüsusilə vurğuladım ki, bugünkü şagirdlər sabahın qurucularıdır və onların üzərinə böyük məsuliyyət düşür. Bildirdim ki, uğur yalnız biliklə deyil, eyni zamanda intizam, məqsədyönlülük və davamlı inkişafla əldə olunur. Gənclərin öz üzərlərində çalışması, yeni biliklərə açıq olması və daim irəliyə doğru addımlaması vacib şərtlərdəndir.
Eyni zamanda qeyd etdim ki, müasir dünyada rəqabət getdikcə artır və bu rəqabətdə önə çıxmaq üçün şagirdlər yalnız dərs proqramı ilə kifayətlənməməli, əlavə bilik və bacarıqlar da əldə etməlidirlər. Xarici dillərin öyrənilməsi, texnologiyalara yiyələnmək və düzgün ünsiyyət qurmaq bacarıqları onların gələcək uğurunda mühüm rol oynayır.
Vurğuladım ki, milli-mənəvi dəyərlərə bağlılıq, vətənə sevgi və məsuliyyət hissi hər bir gəncin əsas keyfiyyətlərindən olmalıdır. Bu dəyərlər üzərində formalaşan gənclər həm cəmiyyət üçün faydalı olur, həm də öz həyatlarında daha doğru qərarlar verə bilirlər.
Düşünürəm ki, bu cür görüşlər şagirdlərin motivasiyasının artırılması, onların düzgün istiqamətləndirilməsi və gələcəyə daha inamla addımlaması baxımından xüsusi əhəmiyyət daşıyır. Görüşün sonunda şagirdlərə "Gənclərə tövsiyələr" kitabını hədiyyə etdik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31