Eldəniz Əmirovun “Azərbaycan iqtisadiyyatının investisiya absorbsiyası” kitabının təqdimatı keçirilib

Tanınmış iqtisadçı-ekspert Eldəniz Əmirovun müəllifi olduğu "Azərbaycan iqtisadiyyatının investisiya absorbsiyası" adlı kitabın təqdimat mərasimi Azərbaycan Dövlət İqtisad Universitetində baş tutub.

Olaylar.az xəbər verir ki, tədbirdə universitetin rektoru, millət vəkilləri, dövlət qurumlarının rəhbər şəxsləri, iqtisadçı və siyasi ekspertlər, həmçinin ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Çıxış edənlər kitabda irəli sürülən "investisiya absorbsiyası" yanaşmasının aktuallığını xüsusi vurğulayaraq bildiriblər ki, əsərdə Azərbaycanın iqtisadiyyatında müxtəlif sahələrin hansı həcmdə investisiya qəbul etmək imkanına malik olduğu, bu sahələrin real tutumu və mənimsəmə qabiliyyəti sistemli şəkildə təhlil olunub. Qeyd olunub ki, nəşr ümumi nəzəri yanaşmadan fərqli olaraq, birbaşa yerli və xarici investorlar üçün praktik istiqamətləndirici vəsait kimi hazırlanıb.

Natiqlər diqqətə çatdırıblar ki, kitab investorlara müxtəlif sektorlar üzrə mövcud imkanları, dövlət dəstəyi mexanizmlərini və bu imkanlardan istifadə yollarını aydın şəkildə müəyyən etməyə şərait yaradır. Eyni zamanda sərmayə qoyuluşlarının perspektiv geri dönüşünün qiymətləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.

Tədbirdə vurğulanıb ki, sənaye, aqrar sektor, turizm, logistika, informasiya texnologiyaları və enerji sahələri üzrə investisiya potensialının vahid çərçivədə təqdim olunması investorların qərarvermə prosesini asanlaşdırır. Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərdə tətbiq edilən güzəştlərin "Güzəştlər Vadisi" modeli əsasında təqdim edilməsi də xüsusi qeyd olunub.

Sonda bildirilib ki, kitabda makroiqtisadi sabitlik, həyata keçirilən islahatlar və qeyri-neft sektorunun imkanları üzrə analitik yanaşma təqdim edilir. Bu baxımdan nəşr həm investorlar, həm də iqtisadi qərarvericilər üçün praktiki əhəmiyyət daşıyır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31