Kamran Əsədovun növbəti məhkəmə prosesi keçirildi - 110 min dollar kimə verilib?
17:35 SosialGəncə Şəhər Məhkəməsində son qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən təhsil eksperti Kamran Əsədov və tarix müəllimi Gündüz Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Olaylar.az xəbər verir ki, hakim Elçin Məmmədovun sədrlik etdiyi prosesdə şahidlərin dindirilməsi davam edib.
Şahid Namiq Hüseynovun sözlərinə görə, dostu Ruslan Çobanov ona müraciət edərək bacısı qızına imtahanda kömək etməsi üçün xahiş edib. Bu barədə o, Gəncədə hazırlıq müəllimi kimi tanıdığı Gündüz Abbasova deyib.
Gündüz Abbasov da 45 min dollar və ya 77 min manat qarşılığında kömək edə biləcəyini deyib. Bu məbləğ Namiq Hüseynov tərəfindən Gündüz Abbasova təqdim edilib.
Prosesdə hakim tərəfindən ibtidai istintaqa verdiyi ifadəni xatırladıb. Məlum olub ki, məbləğ ümumilikdə 110 min dollar həcmində olmalı və hissə-hissə ödənilməliymiş. Məbləğ tam şəkildə vasitəçilər tərəfindən N.Hüseynova çatdırılıb. Sonradan imtahanda nəticə əldə edilmədiyindən məbləğ geri qaytarılıb.
Proses Dövlət İmtahan Mərkəzinin (DİM) nümayəndəsi məhkəmədə iştirak etməyən şahidlərin məhkəməyə çağırlması, dindirilməsi ilə bağlı vəsatət qaldırıb. Hakim növbəti prosesdə vəsatətə hüquqi qiymət veriləcəyini qeyd edib.
Növbəti məhkəmə prosesi 30 aprelə təyin edilib.