Hakimliyə namizədlər üçün təcrübə proqramına start verilib
14:40 SosialAzərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında Qazaxıstan Respublikasından olan hakimliyə namizədlər üçün iki həftəlik təcrübə proqramına start verilib. Ədliyyə Nazirliyindən "Olaylar"a bildirilib ki, proqram Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası ilə Qazaxıstan Respublikası Ali Məhkəmə Şurası yanında Ədalət Akademiyası arasında imzalanmış Əməkdaşlıq Memorandumuna əsasən həyata keçirilir.
Açılış mərasimində Ədliyyə Akademiyasının rektoru Rövşən İsmayılov, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov və Qazaxıstan Respublikası Ali Məhkəmə Şurası yanında Ədalət Akademiyasının rektoru vəzifəsini icra edən Kanat Musin açılış nitqi ilə çıxış ediblər.
Məhkəmə-Hüquq Şurasının da dəstəyi ilə keçirilən təcrübə proqramı çərçivəsində iştirakçılar Ədliyyə Nazirliyinin Probasiya xidmətində, Məhkəmə Ekspertizası Mərkəzində, Bakı İstintaq Təcridxanasında, eləcə də 7 saylı Bakı "ASAN xidmət" mərkəzində, Konstitusiya Məhkəməsində, Ali Məhkəmədə, Bakı Apellyasiya Məhkəməsində, Sumqayıt Məhkəmə Kompleksində və Yasamal Rayon Məhkəməsində həmin qurumların fəaliyyətləri ilə yaxından tanış olacaqlar.
Təlim müddətində Qazaxıstandan olan 28 nəfər əyani, 30 nəfər distant olmaqla ümumilikdə 58 hakimliyə namizəd Azərbaycan məhkəmə sisteminin təşkili, məhkəmə icraatının aparılması, hüquqi tədqiqat metodları, mediasiya, hakimlərin peşə hazırlığı və rəqəmsal ədliyyə sahəsində tətbiq olunan müasir yanaşmalar üzrə bilik və bacarıqlarını inkişaf etdirəcəklər.