Məktəbdə Silahlı Hücumlar: Fərdi problem yoxsa sistemli böhran?
13:57 Sosial"Türkiyədə məktəbdə baş verən silahlı hücum nəticəsində 1 müəllim və 8 şagirdin həyatını itirməsi, 17 şagirdin yaralanması təkcə kriminal xəbər deyil. Bu, cəmiyyətin dərin qatlarında yığılıb qalan problemlərin üzə çıxmasının göstəricisidir. Oxşar hadisə bir müddət əvvəl Bakıda da baş vermişdi". "Olaylar" xəbər verir ki, bunu VHP Gənclər Təşkilatının üzvü Bəhruz Rüstəmxanlı deyib: "Bu cür hadisələr birdən-birə yaranmır. Bir yeniyetmənin silaha əl atması nəzarətsiz aqressiya, psixoloji boşluq, sosial təcrid və bəzən də sistemin görmədiyi siqnalların nəticəsidir. Təhsil sistemi yalnız bilik ötürən mexanizmə çevriləndə, insan faktorunu, yəni şagirdin psixoloji vəziyyətini və daxili dünyasını arxa plana atanda risklər artır.
Digər tərəfdən, silaha çıxış imkanları və nəzarət mexanizmlərinin zəifliyi belə faciələri mümkün edən amillərdəndir. Burada məsuliyyət təkcə fərdin üzərinə qoyula bilməz. Bu, ailədən başlayaraq məktəbə, oradan isə dövlət siyasətinə qədər uzanan zəncirvari problemdir.
Ən narahatedici məqam isə odur ki, bu tip hadisələr artıq istisna olmaqdan çıxıb, müəyyən mənada təkrarlanan tendensiyaya çevrilir. Bu isə o deməkdir ki, məsələ fərdi deyil, sistemlidir.
Bəlkə telefon, komputer oyunları, bəlkə sosial media, bəlkə ailə, cəmiyyət, dövlət, bəlkə məktəb, müəllimlər, bəlkə, bəlkə...
Bəlkələr çoxdur...
Təhsil ocağı həyat və gələcəyə ümid mənbəyi olmaq əvəzinə bəzən faciənin ünvanına çevrilir, valideynlər övladlarını məktəbdən deyil, morqdan alır. Sizə bir valideyn kimi sual verirəm: Bu hadisələrin daha da artmaması üçün nə etməliyik?"