Gömrük hərracında minlərlə mal satışa çıxarılır
13:07 SosialBu gün paytaxtda növbəti iri həcmli gömrük hərracı keçiriləcək.
Musavat.com xəbər verir ki, dövlət mülkiyyətinə keçirilmiş minlərlə adda məhsul açıq satışa çıxarılacaq və bu hərrac həm sahibkarlar, həm də fərdi alıcılar üçün diqqətçəkən imkanlar yaradır.
Hərrac Nizami rayonunda yerləşən Əmlak Xidmətləri Məkanında baş tutacaq.
Satışa çıxarılan malların ümumi dəyəri yüz minlərlə manatla ölçülür və kateqoriyalar üzrə kifayət qədər geniş çeşid təqdim olunur.
Hərrac siyahısı göstərir ki, bu dəfə bazara həm gündəlik istifadə malları, həm də kommersiya üçün cəlbedici məhsullar çıxarılıb:
Aksesuar, bijuteriya və xırdavatlar - 7827-dən çox məhsul, start qiyməti 55 619 manat
Ehtiyat hissələri - 1373 adda məhsul, start qiyməti 25 704 manat
Elektronika malları - 2397 ədəd, start qiyməti 46 938 manat
Məişət malları - 15 mindən çox məhsul, start qiyməti 263 744 manat
Tibbi ləvazimatlar - 596 adda məhsul, start qiyməti 5 705 manat
Göründüyü kimi, xüsusilə məişət malları kateqoriyası həm sayına, həm də dəyərinə görə siyahıda üstünlük təşkil edir.
Hərracda iştirak etmək istəyənlər üçün müəyyən maliyyə və inzibati tələblər mövcuddur. Belə ki, iştirakçılar əmlakın ilkin qiymətinin 5%-i həcmində beh ödəməlidir. Bundan əlavə, 0,5% iştirak haqqı tələb olunur. Sifarişlər hərraca ən geci 3 iş günü qalmış təqdim edilməlidir.
Maraqlı məqamlardan biri də odur ki, iştirakçılar hərracdan əvvəl mallarla yerində tanış ola bilirlər. Bu proses hər həftənin cümə axşamı saat 14:00-dan 17:00-dək "Azərterminalkompleks" Birliyinin anbarında təşkil olunur.
Qanunvericiliyə əsasən, bəzi şəxslərin bu hərraclarda iştirakı qadağandır. Belə ki, gömrük orqanlarının əməkdaşları və onların ailə üzvləri satışa çıxarılan malları birbaşa və ya dolayısı ilə əldə edə bilməzlər. Bu, şəffaflığın təmin olunması və maraqların toqquşmasının qarşısının alınması məqsədi daşıyır. Gömrük hərracları bir tərəfdən bazara ucuz və müxtəlif məhsulların daxil olmasına şərait yaradır. Digər tərəfdən isə bu malların mənşəyi, keyfiyyəti və istifadəyə yararlılığı məsələləri də daim müzakirə mövzusu olaraq qalır. Xüsusilə elektronika və tibbi ləvazimatlar kimi həssas kateqoriyalarda alıcıların diqqətli olması vacib sayılır.
E.Məmmədəliyev