AQC Palata tərəfindən olan təzyiqlərə aktiv fəaliyyətlə cavab verəcək
12:54 SosialAzərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin növbəti geniştərkibli iclasında Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) müstəqil şirkətlərə qarşı göstərdiyi inzibati təzyiqlər - xüsusilə AQC üzvü olan qiymətləndirmə şirkətlərinin "ya biz, ya AQC" seçimi qarşısında qoyması kəskin pislənilib.
Bildirilib ki, bu yanaşma azad rəqabət prinsiplərinə və Azərbaycan dövləti tərəfindən təşfiq olunan qeyri-hökumət sektorunun və assosiasiyaların inkişafı siyasətinə tamamilə ziddir.
Eyni zamanda bir sıra dövlət qurumları tərəfindən "QR kod" və iş bölgüsü ilə bağlı ləğv olunan qərarların sabotaj edildiyi, bunun qiymətləndiricilərdən gizlədildiyi vurğulanıb. AQC-nin bu hallara qarşı hüquqi mübarizəni daha sərt formada genişləndirəcəyi bəyan olunub.
Həmçinin AQC tərkibində Palatanın problem yaratdığı qiymətləndiricilərin hüquqlarının müdafiəsi məqsədilə xüsusi şöbənin yaradılması qərara alınıb. İdarə Heyətinin üzvləri bu qərarı yekdilliklə dəstəklədi. Şöbə qiymətləndiricilərə Palata tərəfindən qiymətləndirmə hesabatlarında yaradılan "süni əngəllərin" qarşısının alınması ilə məşğul olacaq.