Autizm erkən aşkarlanarsa nə edilməlidir? - XƏBƏRDARLIQ

"Loqopedlərə valideynlər hər yaş aralığında nitq qüsuru olan uşaqları ilə müraciət edə bilərlər".

Milli.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı Respublika Psixi Sağlamlıq Mərkəzinin loqopedi Aygün Ələkbərova deyib.

Onun sözlərinə görə, əgər autizm erkən yaşlarda (1-3 yaş arası) aşkar edilibsə, bu zaman psixo-pedaqoji, sensor terapiya, müalicəvi idman, özünəxidmət bacarıqları  və s. kimi məşğələlərin olması məqsədəuyğundur". 

A.Ələkbərova qeyd edib ki, loqopedik konsultasiyalar isə hər yaş aralığında aparıla bilər. Bildirib ki, valideynlərin narahatçılıqları başa düşüləndir, çünki bu cür uşaqlarda gözə görünən simptomlardan biri nitqin olmaması, nitqin kobud pozuğunluqlarıdır:

"Loqopedik məşğələləri üçün isə ən düzgün yaş dövrü 3-4 yaşdan 6 yaşa kimidir. 3 yaşa kimi uşaq hələ məqsədyönlü məşğələlərə hazır deyil".

Nəzərə çatdırıb ki, autizm sindromlu uşaqlar ilə loqopedik iş əsasən kommunikativ bacarıqların inkişafı üzərində aparılır:

"İlk öncə istəklərini ifadə edə bilməsi üçün, sosial cavab reaksiyasını verməsi, informasiyanı cavablandırmaq, sual verməyi bacarması, emosiyalarını, hislərini ifadə etməyi bacarmalı və onlar haqqında məlumat və ən önəmlisi dialoq bacarıqlarının formalaşdırması üçün". 

A.Ələkbərova söyləyib ki, autizm sindromlu uşaqlar ilə korreksion iş fərdi yanaşma prinsipini üzərindən aparılmalıdır. Bildirib ki, loqoped monoton,şablon metodlardan istifadə etməməli,istifadə etdiyi metodları konkret uşağa uyğun olmalı və onun maraqlarını nəzərə almalıdır:

"Unutmamalıyıqki, autizm sindromlu uşaqların  potensial imkanları çox önəmlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31