Zərifə Əliyevanın elmi irsi zəngin və çoxşaxəlidir-Özəl
11:51 SosialAprelin 15-i - görkəmli alim, akademik Zərifə Əziz qızı Əliyevanın anım günü Azərbaycan tibb elmi və səhiyyəsinin inkişaf tarixində mühüm iz qoymuş bir şəxsiyyətin fəaliyyətinə yenidən nəzər salmaq üçün əlamətdar imkandır. Onun çoxşaxəli fəaliyyəti yalnız oftalmologiya sahəsində əldə etdiyi nailiyyətlərlə deyil, həm də ölkənin səhiyyə siyasətinin formalaşmasına verdiyi töhfələrlə xarakterizə olunur". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili deyib: "1923-cü ildə Naxçıvanın Şahtaxtı kəndində anadan olan Zərifə Əliyeva erkən yaşlarından elmə maraq göstərmiş, Azərbaycan Dövlət Tibb İnstitutunda aldığı təhsil onun gələcək uğurlarının təməlini qoymuşdur. 1947-ci ildə institutu fərqlənmə ilə bitirdikdən sonra elmi fəaliyyətə başlayan Zərifə xanım qısa müddətdə oftalmologiya sahəsində ixtisaslaşaraq Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda mühüm tədqiqatlara imza atmışdır. Onun elmi fəaliyyətinin əsas istiqamətlərindən biri XX əsrin ortalarında geniş yayılmış traxoma infeksiyasına qarşı mübarizə olmuşdur. Bu xəstəlik təkcə tibbi problem deyil, həm də sosial təhlükə kimi qiymətləndirilirdi. Zərifə Əliyevanın rəhbərliyi və fəal iştirakı ilə həyata keçirilən kompleks tədbirlər nəticəsində traxomanın qarşısı alınmış, ölkə miqyasında bu xəstəliyin ləğvi təmin edilmişdir. Onun sintomisinlə müalicə üsulu səhiyyə praktikasında geniş tətbiq olunaraq effektiv nəticələr vermişdir. Bununla yanaşı, alim qlaukoma, virus mənşəli göz xəstəlikləri, eləcə də görmə orqanının peşə patologiyası kimi mühüm sahələr üzrə fundamental tədqiqatlar aparmışdır. Xüsusilə kimya sənayesi işçilərində göz xəstəliklərinin öyrənilməsi ilə bağlı araşdırmaları yeni elmi istiqamətin formalaşmasına səbəb olmuşdur. Moskvanın nüfuzlu elmi mərkəzində müdafiə etdiyi doktorluq dissertasiyası onun beynəlxalq elmi mühitdə də yüksək qiymətləndirildiyini göstərir. Zərifə Əliyevanın fəaliyyəti yalnız elmi tədqiqatlarla məhdudlaşmamış, o, praktik səhiyyədə də fəal iştirak etmişdir. Respublikanın müxtəlif bölgələrində apardığı müayinələr, xəstəlik ocaqlarında həyata keçirdiyi profilaktik tədbirlər və xüsusilə uşaq evlərində traxomanın qarşısının alınması istiqamətində gördüyü işlər onun humanist yanaşmasının bariz nümunəsidir. Alimin elmi irsi zəngin və çoxşaxəlidir. O, 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin müəllifi və həmmüəllifi olmuşdur