Yeni təhlükə: insanlarda korluğa səbəb ola bilən virus aşkarlandı
07:49 SosialÇində alimlər əvvəllər yalnız balıq və krevetlərdə rast gəlinən CMNV virusunun artıq insanlarda da aşkarlandığını bildirirlər.
Musavat.com xəbər verir ki, virus gözlərdə iltihab yaradır və göz daxili təzyiqi artırır. Bu isə ağır hallarda görmə qabiliyyətinin itirilməsinə - korluğa qədər gətirib çıxara bilər.
Mütəxəssislər qeyd edir ki, yoluxma halları əsasən çiy balıq istehlakı və ya dəniz məhsulları ilə qoruyucu vasitələr olmadan təmas zamanı baş verir.
Hazırda virusun spesifik müalicəsi yoxdur. Həkimlər yalnız iltihabı azaltmaq və göz daxili təzyiqi nəzarətdə saxlamaq üçün simptomatik preparatlardan istifadə edirlər. Bununla belə, virusun istiliklə məhv olduğu vurğulanır.
Qeyd olunur ki, indiyə qədər yoluxma halları məhdud saydadır. Lakin COVID-19 pandemiyasından sonra Çində ortaya çıxan yeni viruslarla bağlı xəbərlər dünya ictimaiyyətində ciddi narahatlıq doğurur.