Akademik Zərifə Əliyeva: tibb elmində innovativ yanaşmaların təşəbbüskarı

"Akademik Zərifə xanım Əliyevanın adı Azərbaycan tarixində xüsusi yer tutur və bu ad təkcə elmi nailiyyətlərlə məhdudlaşmır. Onun fəaliyyəti müstəqil Azərbaycanın sosial siyasətinin əsas istiqamətlərindən birinə çevrilmiş milli səhiyyə modelinin formalaşmasına mühüm töhfə verib. Burada söhbət yalnız görkəmli alim-oftalmoloqdan deyil, peşəkar missiyasını dövlətçilik baxışı ilə uzlaşdırmağı bacaran bir şəxsiyyətdən gedir. Onun fəaliyyəti bir daha sübut edir ki, xalqın sağlamlığı dövlətin dayanıqlı inkişafının strateji resursudur". "Olaylar" xəbər verr ki, bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Zərifə xanım Əliyevanın elmi fəaliyyət göstərdiyi dövr səhiyyə sahəsində ciddi çağırışlarla səciyyələnirdi. XX əsrin ortalarında geniş yayılmış traxoma xəstəliyi yalnız tibbi problem deyil, eyni zamanda sosial-iqtisadi təhlükə idi, çünki əhalinin əmək qabiliyyətinə və həyat keyfiyyətinə birbaşa təsir göstərirdi. Məhz belə bir şəraitdə Zərifə Əliyevanın fəaliyyəti sistemli xarakter aldı. O, elmi tədqiqatlarla yanaşı, praktik səhiyyə tədbirlərinin təşkilində də fəal iştirak edir, regionlara səfərlər edərək müalicə və profilaktika işlərini yerində həyata keçirirdi. Nəticədə traxomanın Azərbaycanda sosial xəstəlik kimi aradan qaldırılması yalnız tibbi nailiyyət deyil, effektiv dövlət siyasətinin uğurlu nümunəsinə çevrildi.

Zərifə xanımın elmi fəaliyyəti sənayeləşmənin doğurduğu yeni çağırışlara da cavab verirdi. Kimya və sənaye sahələrinin sürətli inkişafı fonunda istehsalat mühitinin insan sağlamlığına təsiri məsələləri xüsusi aktuallıq kəsb edirdi. Onun kimya müəssisələri işçilərinin görmə orqanlarının vəziyyətinə həsr etdiyi doktorluq dissertasiyası bu sahədə fundamental elmi baza formalaşdırdı. Bu tədqiqatlar yalnız tibb elmi üçün deyil, həm də əmək mühafizəsi sisteminin inkişafı və insan kapitalının qorunması baxımından strateji əhəmiyyət daşıyırdı. Eyni zamanda, Zərifə Əliyeva Azərbaycan oftalmologiya məktəbinin formalaşmasında əsas fiqurlardan biri olub. Onun qlaukoma, virus mənşəli göz xəstəlikləri və klinik diaqnostika sahəsində apardığı tədqiqatlar uzun illər üçün elmi istiqamətləri müəyyənləşdirib. O, həm də güclü pedaqoq kimi yeni nəsil həkim və alimlərin yetişməsinə xüsusi önəm verib, davamlı kadr hazırlığı sisteminin formalaşmasına böyük töhfələr verib. Bu yanaşma müstəqil Azərbaycanda da öz aktuallığını qoruyaraq milli səhiyyə sisteminin institusional dayaqlarından birinə çevrilib.

Millət vəkilinin sözlərinə görə, 1983-cü ildə Zərifə Əliyevanın Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi respublikamızda elmi potensialın güclənməsinin mühüm göstəricisi idi. Akademik M.İ.Averbax adına mükafata layiq görülməsi isə onun beynəlxalq elmi nüfuzunu təsdiqləməklə yanaşı, Azərbaycan elminin də yüksək səviyyədə tanınmasına xidmət edib. Zərifə Əliyevanın fəaliyyətində xüsusi yer tutan məqamlardan biri onun humanist dünyagörüşüdür. O, həkim peşəsini yalnız elmi fəaliyyət kimi deyil, insanlara xidmət missiyası kimi dəyərləndirirdi. Bu yanaşma bu gün də Azərbaycan dövlətinin sosial siyasətində öz əksini tapır. İnsan kapitalının inkişafını prioritet hesab edən müasir dövlət modeli üçün bu fəlsəfə xüsusi aktuallıq daşıyır.

Zərifə xanım, həm də qayğıkeş ana, sədaqətli ömür-gün yoldaşı olub. Bu keyfiyyətləri o, öz ailəsində gördüyü yüksək mənəvi mühitdən qazanıb. Zərifə xanım və onun həyat yoldaşı Ümummilli Lider Heydər Əliyev sahib olduqları nəcib keyfiyyətləri, ali mənəvi dəyərləri layiqli vətəndaş kimi yetişdirdikləri övladlarına ötürüblər. Onlar cənab İlham Əliyev kimi dövlətə və xalqa layiqli övlad yetişdiriblər.

"Aprelin 15-də Zərifə xanımın anım günüdür. Lakin hər zaman onun adı Azərbaycan səhiyyə sistemində institusional şəkildə yaşadılır. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi ölkənin aparıcı tibbi müəssisələrindən biri kimi fəaliyyət göstərərək alim tərəfindən qoyulmuş elmi və praktiki ənənələri davam etdirir. Akademikin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması onun irsinin yalnız tarixi yaddaş deyil, həm də gələcək inkişaf üçün strateji istiqamət kimi qəbul edildiyini göstərir. Zərifə Əliyeva Azərbaycan elminin və ziyalılıq ənənəsinin parlaq siması olmaqla yanaşı, həm də milli intellektual və mənəvi kapitalın mühüm tərkib hissəsidir. Onun fəaliyyəti göstərir ki, elm humanist dəyərlərlə vəhdətdə olduqda dövlət siyasətinin effektiv alətinə çevrilir. Müasir dövrdə qlobal çağırışların artdığı bir şəraitdə belə şəxsiyyətlərin irsi dayanıqlı və insan mərkəzli inkişaf modelinin formalaşmasında mühüm rol oynamaqda davam edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31