Autizm spektr pozuntusu olan uşaqlara yanaşma xüsusi həssaslıq tələb edir- ÖZƏL
15:05 Sosial"Autizm mövzusu bu gün yalnız tibbi və psixoloji məsələ deyil, eyni zamanda sosial məsuliyyət, humanizm və cəmiyyətin inklüziv inkişaf səviyyəsini müəyyən edən mühüm istiqamətlərdən biridir. Autizm spektr pozuntusu olan uşaqlara yanaşma, onların cəmiyyətə inteqrasiyası və inkişaf imkanlarının genişləndirilməsi dövlət və cəmiyyət olaraq xüsusi həssaslıq tələb edir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib: "
Bu istiqamətdə maarifləndirmə tədbirləri çox böyük əhəmiyyət daşıyır. Çünki düzgün məlumatlandırma həm stereotiplərin aradan qaldırılmasına, həm də cəmiyyətin bu sahəyə daha anlayışlı və dəstəkləyici yanaşmasına şərait yaradır. Autizmli uşaqların potensialının düzgün qiymətləndirilməsi və onların fərdi bacarıqlarının inkişaf etdirilməsi gələcəkdə daha inklüziv və sağlam cəmiyyətin formalaşmasına xidmət edir.
Ailələrin bu prosesdə rolu əvəzolunmazdır. Valideynlərin maarifləndirilməsi, psixoloji dəstək mexanizmlərinin gücləndirilməsi və mütəxəssislərlə əməkdaşlıq autizmli uşaqların inkişafında həlledici faktor kimi çıxış edir. Dövlət qurumları, qeyri-hökumət təşkilatları və səhiyyə müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi bu sahədə daha effektiv nəticələrin əldə olunmasına imkan yaradır. Multidissiplinar yanaşma - psixoloqların, loqopedlərin, pedaqoqların və həkimlərin birgə fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Autizmli uşaqlara diqqət və qayğı göstərmək yalnız tibbi yanaşma deyil, həm də mənəvi borcdur və bu istiqamətdə həyata keçirilən hər bir təşəbbüs cəmiyyətimizin humanist dəyərlərinin güclənməsinə xidmət edir".