Əmək pensiyalarının təyin edilməsi ilə bağlı yenilik
16:12 SosialAzərbaycan Respublikasında əmək pensiyalarının təyin edilməsi və məhkəmə təcrübəsinin vahidliyinin təmin olunması məqsədilə yeni hüquqi yanaşmalar müəyyən edilib. "Olaylar"ın məlumatına görə, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə" 2022-ci il 13 may tarixli, 530-VIQD nömrəli Qanunun 1.11-ci maddəsinin və həmin Qanunun keçid müddəalarının 2.2-ci maddəsinin tətbiqinə dair qərardada əsasən, yaşa görə əmək pensiyası hüququ 2022-ci il 29 iyun tarixindən əvvəl yaranmış şəxslərə pensiya təyinatı və ya yenidən hesablanma zamanı həmin qanunun 45-ci maddəsinin 2017-ci il 1 iyul - 2022-ci il 29 iyun tarixlərində qüvvədə olmuş ikinci cümləsi tətbiq edilməlidir.
Bu zaman gözlənilən pensiya ödənişi müddəti, güzəştli şərtlərlə pensiyaya çıxma yaşı ilə qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Həmçinin, hüquqi müəyyənliyin və məhkəmə aktlarının sabitliyinin təmin edilməsi üçün müəyyən edilmiş yeni hüquqi mövqelər qərarın qəbul edildiyi tarixdən sonra məhkəmələrə təqdim edilən iddia ərizələrinə, eləcə də həmin tarixədək verilmiş, lakin birinci instansiya məhkəmələrində baxılması başa çatmamış işlərə şamil ediləcək.
Bununla yanaşı, apellyasiya və kassasiya instansiyalarında baxılan işlər üzrə əvvəlki hüquqi mövqelərə uyğun çıxarılmış məhkəmə aktları yalnız yeni mövqelərə istinadla ləğv edilməyəcək və ya dəyişdirilməyəcək. Yeni hüquqi mövqelərin tətbiqi yalnız qərarın qəbulundan sonra birinci instansiya məhkəmələri tərəfindən yekunlaşdırılmış işlər üzrə verilən şikayətlərə münasibətdə nəzərə alınacaq.