AQC sədri şirkət direktorluğundan getdi
15:59 SosialÖlkənin qiymətləndirmə bazarında aparıcı şirkətlərdən biri olan "Vecon Consulting" MMC-nin rəhbərliyində dəyişiklik baş verib. Şirkətdən verilən məlumata görə, tanınmış iqtisadçı ekspert Asif İbrahimov "Vecon Consulting"in yeni direktoru təyin edilib.
Qeyd edək ki, şirkətin bundan əvvəlki direktoru, tanınmış iqtisadçı ekspert və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc olub. Vüqar Oruc rəhbərlik dövründə şirkətin strateji inkişafı, peşəkar standartların tətbiqi və bazar payının genişləndirilməsi istiqamətində mühüm xidmətlər göstərib. O, sektorda şəffaflığın təmin edilməsi, qiymətləndirmə şirkətləri arasında balansın qorunması məqsədilə vəzifəsindən ayrılsa da, ictimai və peşəkar fəaliyyətini AQC İdarə Heyətinin sədri qismində davam etdirəcək.
Bu sahədə 17 illik təcrübəyə malik olan Asif İbrahimov şirkətin mövcud uğurlarını inkişaf etdirmək, müştəri məmnuniyyətini yüksəltmək və innovativ qiymətləndirmə metodlarını tətbiq etmək hədəfləri ilə fəaliyyətə başlayıb.
Qeyd edək ki, "Vecon Consulting" qiymətləndirmə və konsaltinq sahəsində ixtisaslaşmış müəssisədir. Şirkət uzun illərdir ki, həm yerli, həm də beynəlxalq standartlara uyğun xidmət göstərərək bank-maliyyə sektoru və özəl sektorla sıx əməkdaşlıq edir.