Dövlət xərclərinə nəzarət gücləndirilməlidir - Deputat
15:20 SosialDövlət vəsaitlərinin səmərəli istifadəsi ilə bağlı ayrıca qanun qəbul olunmalıdır. "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deputat Əli Məsimli deyib. Deputatın sözlərinə görə, aparılan yoxlamalar göstərir ki, büdcə qanunvericiliyinin pozulması və satınalma sahəsindəki nöqsanlar ümumi pozuntuların təxminən üçdə ikisini təşkil edir. Bu baxımdan o, dövlət vəsaitlərindən istifadənin səmərəliliyinin artırılması, mövcud problemlərin aradan qaldırılması və bu sahədə vahid yanaşmanın formalaşdırılması üçün ayrıca qanun və ya sənədin qəbul edilməsi, Milli Məclisdə bu sahədə ictimai dinləmənin keçirilməsinin zəruri hesab edib:
"Daxili audit mexanizmlərinin gücləndirilməsi də əsas prioritetlərdən biri olmalıdır. Daxili auditin obyektivliyi artırılmalı, müasir tələblərə uyğun qurulmalı və çatışmazlıqların vaxtında aradan qaldırılmasına xidmət etməlidir. Hesablama Palatasının rəqəmsallaşma və süni intellekt istiqamətində fəaliyyətinin genişləndirilməsi müsbət haldır, lakin bu sahədə qanunvericilik bazasının da gücləndirilməsinə ehtiyac var. Hesablama Palatasının təqdim etdiyi təklif və tövsiyələrin icra vəziyyəti ilə bağlı Milli Məclisə daha geniş və sistemli məlumatların təqdim olunmasına yenidən baxılmalıdır. Bu yanaşma həm parlamentin nəzarət funksiyasını gücləndirəcək, həm də Palatanın fəaliyyətinin effektivliyini artıracaq".