Deputat ailələrin dağılmaması üçün yeni təklif irəli sürdü
21:06 SosialNikah bağlanarkən narkoloji tibb müəssisəsi tərəfindən verilmiş tibbi müayinə haqqında rəyin təqdim olunması məqsədəuyğun olardı.
Olaylar.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Göydəniz Qəhrəmanov parlamentin bugünkü plenar iclasında Əmək Məcəlləsi və "Narkoloji xidmət və nəzarət haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
Millət vəkili bildirib ki, narkotik vasitələrin qəbulu insan sağlamlığına ən çox zərər verən vərdişlərdən biridir. Eyni zamanda bu problem cəmiyyətə də ciddi ziyan vurur və bu asılılıq insan taleyinə mənfi təsir göstərir:
"Təəssüf ki, digər ölkələrdə olduğu kimi, bu problem bizim cəmiyyətimizdən də yan keçmir. Düzdür, digər ölkələrlə müqayisədə ölkəmizdə bu sahədə göstəricilər daha aşağıdır. Bu da, sözsüz ki, dövlətimizin narkomaniyaya qarşı apardığı ciddi mübarizənin nəticəsidir. Müzakirə etdiyimiz qanun layihəsi işə qəbul olunan həmən şəxslərin bu məsələyə daha məsuliyyətlə yanaşmasına səbəb olacaq".

Deputat müzakirə edilən məsələ ilə bağlı təklif də irəli sürüb:
"Nikah bağlanarkən tibbi arayışla yanaşı, narkoloji tibb müəssisəsi tərəfindən verilmiş tibbi müayinə haqqında rəyin də təqdim olunması məqsədəuyğun olardı. Təəsüf ki, bəzi hallarda, şəxsdə narkoloji asılılığın olduğu nikahdan sonra müəyyən edilir və bu da ailələrin dağılmasına səbəb olur. Əgər bu hallar öncədən müəyyən edilərsə, boşanmaların sayı da azala bilər".