İmtahan çətinliyi barədə nazirdən MESAJ

"İmtahanlar nə qədər çətin olur-olsun, ali təhsil müəssisələrinə eyni sayda insan qəbul edilir"

Milli.Az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Dövlət İmtahan Mərkəzinin yaradılmasının 10 illik yubileyi münasibətilə keçirilən "Qiymətləndirmə Sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya" mövzusunda beynəlxalq elmi-praktik konfransda bildirib.

"Bütün imtahanlarda olduğu kimi, burada da rəqabət olacaq. Bu rəqabətdə daha bilikli şagirdlər nisbətən zəif hazırlaşanlara nisbətən daha geniş seçim imkanı əldə edəcəklər. Bu isə bərabərlik və ədalət prinsipinin pozulması demək deyil. Sualın çətin və ya asan olması hamı üçün eyni dərəcədə təsir göstərir. Mahiyyət etibarilə bu, Azərbaycan cəmiyyətində köklü dəyişikliklərə səbəb olmayacaq".

Qeyd edib ki, hər imtahandan sonra sualların çətinliyi ilə bağlı yaranan ajiotaj cəmiyyət üçün real fayda vermir:

"Doğrudur, ailələr, valideynlər və abituriyentlər emosional reaksiyalar verirlər. Amma bir daha vurğulamaq lazımdır ki, suallar çətin də olsa, asan da olsa, nəticədə eyni sayda abituriyent ali təhsil müəssisələrinə qəbul olunacaq. Yenə də daha yaxşı hazırlaşanlar daha yüksək nəticə göstərəcəklər. Bu baxımdan, sualların çətinlik dərəcəsi fərdlərin həyatına həlledici təsir göstərmir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31