Xəyanətlə bağlı “qanun” müzakirələrə səbəb oldu – Təzminat almağın yolu
07:34 SosialAzərbaycanda həyat yoldaşına xəyanət edənlərin hüquqi baxımdan müəyyən məsuliyyət daşıdığı haqda məlumat yayılıb. Vəkil Turan Abdullazadə Demokrat.az-a bildirib ki, xəyanətə görə təzminat artıq Azərbaycanda mövcuddur. Bu açıqlama sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Belə bir qanun varsa, hüquqi baxımdan necə tənzimlənir?
Globalinfo.az-a danışan vəkil Asim Abbasov deyib ki, Azərbaycanda "xəyanət" anlayışının hüquqi baxımdan konkret tənzimlənməsi yoxdur:
"Ailə Məcəlləsi ər-arvadın qarşılıqlı sədaqət və hörmət prinsiplərinə riayət etməli olduğunu təsbit etsə də, "xəyanət" anlayışını ayrıca hüquqi kateqoriya kimi müəyyən etmir və ona görə birbaşa hüquqi məsuliyyət növü nəzərdə tutmur".
Vəkil virtual münasibət məsələsinə də aydınlıq gətirib:
"Məsələn, sadə telefon danışığı hüquqi baxımdan xəyanət kimi qəbul edilmir. Lakin açıq-aşkar intim xarakterli yazışmalar, foto və ya video mübadiləsi məhkəmə tərəfindən ailə sədaqətinin pozulması kimi qiymətləndirilə bilər. Məhkəmədə əsas məsələ iddianın sübuta yetirilməsidir. Sübutlar isə qanuni üsulla əldə olunmalıdır. Şəxsi həyata müdaxilə etməklə, gizli yollarla əldə olunmuş materiallar bir çox hallarda sübut kimi qəbul edilmir".
A.Abbasov qeyd edib ki, qanunvericilikdə xəyanətə görə birbaşa cərimə və ya digər məsuliyyət nəzərdə tutulmasa da, müəyyən hallarda bu davranış mənəvi zərərin yaranmasına səbəb kimi qiymətləndirilə bilər:
"Belə olduqda zərərçəkmiş tərəf mülki qaydada mənəvi zərərə görə təzminat tələbi ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə isə tərəflər arasındakı münasibətləri, təqdim olunan sübutları və iddia olunan zərərin real olub-olmamasını araşdıraraq qərar verir.
Ölkəmizin hüquq sistemində xəyanət anlayışı konkret hüquqi norma ilə tənzimlənmir. Bu səbəbdən onun hüquqi nəticələri avtomatik deyil, yalnız müvafiq sübutlar və halların məcmusu əsasında, hər bir iş üzrə ayrıca müəyyən olunur".