Ayrı-ayrı şəxslərlə bağlı qərarlar təşkilati zərurətlər nəzərə alınmaqla qəbul edilib - Opera və Balet Teatrının direktoru

Son günlər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının fəaliyyəti ilə bağlı aparılan müzakirələrə aydınlıq gətirilib.

Teatrın direktoru, Xalq artisti Yusif Eyvazov açıqlamasında bildirib ki, ayrı-ayrı şəxslərlə bağlı qərarlar mövcud əmək münasibətləri, fəaliyyət xüsusiyyətləri və təşkilati zərurətlər nəzərə alınmaqla qəbul edilib.

Bildirilib ki, Xalq artisti Əvəz Abdullayev Azərbaycanı xaricdə layiqli şəkildə təmsil edən sənətçilərdən biridir. Daimi yaşayış yeri Almaniyadır. Bu səbəbdən onun teatr truppasında fasiləsiz əsaslarla fəaliyyət göstərməsi mümkün olmadığından, onunla bağlanmış əmək müqaviləsinə xitam verilib.

"Mövcud beynəlxalq təcrübəyə uyğun olaraq, bu kimi hallarda əməkdaşlığın layihə əsaslı, mülki-hüquqi müqavilə çərçivəsində, yəni konkret çıxışlar üzrə qonorar prinsipi ilə davam etdirilməsi daha məqsədəuyğun hesab olunur və bu istiqamətdə əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulur.

Eyni zamanda vurğulamaq istərdik ki, Əvəz Abdullayevin sənətinə və peşəkar yaradıcılığına yüksək qiymət verilir və onun gələcək fəaliyyətində yeni uğurlara imza atacağına inam ifadə olunur. Onun Almaniyada işlədiyi "Nationaltheater Mannheim" teatrında Azərbaycanı layiqincə təmsil etməyinə əminliyimizi vurğulayırıq".

Yusif Eyvazov Xalq artisti Yalçın Adıgözəlov haqqında yayılan məlumatlara da aydınlıq gətirib:

"O, yüksək peşəkarlığı və sənətinə verdiyi töhfələrlə seçilən, böyük hörmət bəslənilən sənətkardır. O, Niyazı adına Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsinə təyin olunduqdan sonra qarşılıqlı razılaşma əsasında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrındakı müqaviləsinə xitam verilib. Lakin onunla da mövcud beynəlxalq təcrübəyə uyğun olaraq, layihə əsaslı, müqavilə çərçivəsində, konkret çıxışlar üzrə qonorar prinsipi ilə əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulur.

Teatrın solisti Atəş Qarayevə münasibətdə isə teatr tərəfindən müxtəlif dövrlərdə həm səmərəli yaradıcılıq fəaliyyəti, xüsusilə də 44 günlük Qarabağ müharibəsi veteranı olmağı aspektindən böyük həssaslıqla yanaşılıb və daim müvafiq dəstək göstərilib. O cümlədən, Avstriyada, Qazaxıstanda, Rusiyada təşkil olunan müxtəlif beynəlxalq səviyyəli tədbirlərdə, layihələrdə iştirakı üçün hər cür zəruri dəstək göstərilib.

Bununla yanaşı, əmək intizamı ilə bağlı teatrda son dövrlər ciddi islahatlar aparılmaqdadır. Keçirilən yoxlamalar nəticəsində məlum olmuşdur ki, 2025-ci ilin dekabr ayında 25 iş günündən yalnız 4 gün işdə olub, 2026-cı ilin yanvar ayında işdə ümumiyyətlə olmayıb, fevral ayında isə 24 iş günündən 11 gün işdə olub. Bu səbəbdən dəfələrlə xəbərdarlıq edildikdən sonra, əmək qanunvericiliyinə uyğun olaraq intizam tənbehi tətbiq olunaraq əməkhaqqında müvafiq tutulma aparılıb".

Teatr xatırlarmaq istəyirik ki, bu ilin yanvar ayında Oman Sultanlığının paytaxtı Maskat şəhərində yerləşən Kral Opera Teatrının səhnəsində dünyaşöhrətli italyan bəstəkarı Cakomo Puççininin "Toska" operasının premyerası baş tutub.

"Səhnə əsəri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri və xorunun müşayiəti ilə təqdim edilib. Azərbaycan yaradıcı kollektivinin Kral Opera Teatrı kimi məşhur sənət ocağında çıxışı musiqi mədəniyyətimizin beynəlxalq səviyyədə təbliği baxımından əhəmiyyətli hadisə kimi qiymətləndirilib. Qastrol çərçivəsində heyətin aviabiletlərinin alınması, yerləşdirilməsi və qidalanma qarşı tərəfdən ödənildiyi səbəbilə ayrıca ezamiyyə xərcləri qanunvericiliyə uyğun olaraq nəzərdə tutulmayıb. Qonorar ödənişləri ilə bağlı bildiririk ki, qarşı tərəfdən müvafiq maliyyə vəsaitləri köçürüldükdən sonra ödənişlər qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş müddət - 60 iş günü ərzində həyata keçiriləcəyi haqqında bütün iştirakçılar əvvəlcədən məlumatlandırılıb. Diqqətinizə çatdırmaq istəyirik ki, bu ödənişlər artıq gerçəkləşdirilib. Teatr rəhbərliyi olaraq əsas prioritetlərimizdən biri teatr kollektivinin həm peşəkar inkişafının, həm də maddi-sosial rifahının yüksəldilməsidir. Bu məqsədlə beynəlxalq layihələrdə iştirakın genişləndirilməsi, yeni təşəbbüslərin həyata keçirilməsi və yaradıcı heyətin sosial təminatının, rifahının daha da gücləndirilməsi qarşımıza əsas hədəf kimi qoyulub", - Yusif Eyvazov vurğulayıb.

Eyni zamanda bildirilib ki, teatrın əsas səhnəsində yenilənmə işlərinin davam etməsinə baxmayaraq, kollektiv yaradıcılıq fəaliyyətini fasiləsiz şəkildə davam etdirir. Belə ki, Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operası yeni quruluşda təqdim olunmuşdur, "Koroğlu" operası bərpa edilib:

"İlk dəfə səhnələşdirilən Musiqisi Xalq artisti, professor Siyavuş Kərimiyə, librettosu akademik Rafael Hüseynova məxsus olan "Nəsimi" operası sənətsevərlər üçün əlamətdar bir hadisəyə çevrilib.

İzləyicilər tərəfindən böyük rəğbətlə qarşılanan "Opera günləri", eləcə də "Balet günləri" təşkil olunmuşdur. 2026-cı ilin mart ayı üzrə ölkənin əksər bölgələrinə qastrol proqramı, o cümlədən Ağdam, Laçın, Gəncə və Mingəçevir şəhərlərini əhatə edib, martın 28-də Mingəçevirdə Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" operettası nümayiş etdirilib.

Bununla yanaşı, teatr tərəfindən Cüzeppe Verdinin "Aida" operasının təqdimatı olmuşdur.

Teatrın maddi-texniki bazası əhəmiyyətli dərəcədə gücləndirilib, müasir tələblərə cavab verən yeni avadanlıq və musiqi alətləri ilə təmin edilib. Dövlət-özəl, tərəfdaşlıq prinsipləri, habelə sponsorluq əsasında texniki imkanların genişləndirilməsi istiqamətində də müvafiq addımlar atılıb.

Ümumilikdə qeyd etmək istərdik ki, teatr tərəfindən əməkdaşlarla bağlı qərarlar mövcud qanunvericilik, təşkilati zərurətlər və peşəkar fəaliyyət meyarları əsasında qəbul edilir. Teatrın fəaliyyəti şəffafdır və həyata keçirilən layihələr, tamaşalar və beynəlxalq əməkdaşlıqlar ictimaiyyət üçün açıq mənbələrdə öz əksini tapır.

Mövcud faktlar və konkret nəticələr aydın şəkildə göstərir ki, kollektivin fəaliyyəti sistemli və davamlı inkişaf xətti üzrə həyata keçirilir. Bu kontekstdə ayrı-ayrı subyektiv yanaşmalar və spekulyativ fikirlər obyektiv reallığı əks etdirmir və ümumi mənzərə yalnız rəsmi məlumatlar və əldə olunan nəticələr əsasında qiymətləndirilməlidir".

Həmçinin bildirilib ki, kollektiv daxilində əmək münasibətlərinin tənzimlənməsi çərçivəsində işdən ayrılma halları, intizam tədbirləri və digər təşkilati proseslər baş verə bilər. Bu kimi məsələlərin hamısı qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun şəkildə, müəyyən edilmiş prosedurlar əsasında həyata keçirilir və müvafiq qaydada, sivil və hüquqi çərçivədə həll olunur.

Son olaraq bildirilib ki, Azərbaycan teatrının çoxşaxəli layihələrinin həyata keçirilməsi, gənc nəslin bu sahəyə davamlı şəkildə cəlb olunması, yeni tamaşaların hazırlanması və bilet satışlarının artması Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keyfiyyət yönümlü institusional dəyişikliklərin baş verdiyini göstərir. Bu dinamika, öz növbəsində, tamaşaçı marağının və məmnuniyyət səviyyəsinin yüksəlməsinə xidmət edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31