Maaşlar ARTIRILIR - Kimlərə şamil olunacaq? - SİYAHI

Milli Məclisdə Əmək Məcəlləsinə təklif olunan dəyişikliklər müzakirələrə səbəb olub. Belə ki, yeni qaydalara əsasən, eyni və ya bərabər dəyərli iş görən işçilərə cinsindən asılı olmayaraq bərabər əməkhaqqı verilməsi işəgötürənlər üçün öhdəlik kimi müəyyənləşdirilir. Dəyişikliklərin məqsədi qadınlarla kişilər arasında mövcud maaş fərqini azaltmaqdır. Gözlənilir ki, bu addımlar nəticəsində bəzi sahələrdə qadınların əməkhaqlarında artım müşahidə olunacaq.

Bu, hansı peşələrdə çalışan qadınlara şamil oluna bilər?

Globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri, ekspert Akif Nəsirli deyib ki, bu dəyişikliklər Əmək Məcəlləsində bərabər əməkhaqqı prinsipinin tətbiqi ilə bağlıdır:

"Yeni qayda cinsiyyətə görə ayrı-seçkiliyin aradan qaldırılmasına yönəlib. Qanun layihəsinə əsasən, bu prinsip bütün peşə və fəaliyyət sahələrinə - dövlət və özəl sektorda çalışan müəllimlərə, həkimlərə, dövlət qulluqçularına, ofis əməkdaşlarına şamil olunur. Eyni zamanda, istehsal və xidmət sahələrində çalışan fabrik, zavod işçiləri, market, restoran əməkdaşları, bank və maliyyə sektoru nümayəndələri də bu sırada yer alır".

Ekspert bildirib ki, texniki, idarəedici vəzifələrdə çalışan mühəndislər, proqramçılar, menecerlər və layihə rəhbərləri də sözügedən hüquqdan yararlanır:

"Həmçinin, ənənəvi olaraq "kişi işləri" hesab edilən tikinti, nəqliyyat və təhlükəsizlik sahələrində fəaliyyət göstərən qadınlar da bu prinsiplə əhatə olunur. Qanun cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli iş görən hər kəsə tətbiq olunacaq. Bütün sahələr üzrə əməkhaqqı bərabərliyinin təmin edilməsinə xidmət edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31