“Makler evi” almaq istəyənlər üçün VACİB XƏBƏRDARLIQ

Son zamanlar Abşeron yarımadasında daşınmaz əmlakın yeni bir seqmenti populyarlıq qazanıb. Söhbət "makler evləri"ndən gedir. Dövlət Reyestrindən çıxarışı olmayan ərazilərdə inşa edilən həmin evlər xarici görkəm cəhətdən aldadıcı olsa da, təhlükəsizlik baxımından risklidir.

Çünki belə evlər başdansovdu inşa edilir. Bir neçə ildən sonra da divarlarda çatlar, təmirdə ciddi nöqsanlar əmələ gəlir. Bu da əlavə xərc deməkdir. Digər tərəfdən, belə evlər əsasən kanalizasiya xətlərindın uzaq ərazidə inşa edilir, heç bir drenaj sistemi olmur.

Elə son hadisələr də göstərdi ki, güclü yağışlardan sonra ən çox zərər görən məhz "makler evləri"dir.

Bu cür evlərin daha hansı riskləri var?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan daşınmaz əmlak üzrə ekspert Ramil Qasımzadə deyib ki, son selbasmadan ən çox zərər görən "makler evləri"dir:

"Nəzərə alaq ki, "makler evləri"nin inşasında heç bir tikinti norması nəzərə alınmır. Bu evlərin bünövrəsi çox zaman çay və mişar daşlarından qoyulur. Belə evlərsə adi subasmadan çökə və dağıla bilir.

Ən böyük problem odur ki, "makler evləri" kanalizasiya sistemləri olmayan ərazilərdə, çökəkliklərdə və ucqarlarda inşa edilir. Təbii ki, adi yağışlar zamanı da belə evlərin zirzəmisini və birinci mərtəbəsini su basır. Belə vəziyyətdə həyətlərə toplanmış suların xaric edilməsi də problemə çevrilir. Çünki bu evlər bir-birinə çox yaxın inşa edilir. Hətta yanğın təhlükəsizliyi qaydalarına da riayət olunmur. Nəticədə fors-major hallarda həmin evlərə yardım eləmək mümkün olmur.

Ona görə də ucuzluğuna görə "makler evləri"nə maraq göstərmək doğru deyil. Sonradan ən xırda məsələyə, hətta yağış sularına görə evi alan şəxs böyük ölçüdə ziyanla üzləşir"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31