Vəzifəli şəxs yaxın qohumunu birbaşa tabeliyində olan vəzifəyə təyin edə bilməz- ÖZƏL
11:10 SosialMediada yayılan məlumata görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) İdarə Heyətinin sədri Vüsal Nəsirlinin əmri ilə qaynı Məmmədəliyev Mahmud Məmməd oğlu AAYDA-nın idarə heyəti sədrinin müşaviri vəzifəsinə təyin edilib. Daha bir maraqlı məqam ondan ibarətdir ki, Mahmud Məmmədəliyev Vüsal Nəsirlinin məhz əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini olduğu vaxtda, 2019-cu ildə ƏƏSMN-də şöbə müdiri vəzifəsinə təyin edilmişdi. Ölkə qanunvericiliyinə görə, vəzifəli şəxs yaxın qohumunu işə götürə bilərmi?
Hüquqşünas Alim Hüseynli "Olaylar"a bildirib ki, ölkə qanunvericiliyinə görə, vəzifəli şəxs yaxın qohumunu işə götürə bilər. Amma bunun üçün ciddi məhdudiyyətlər mövcuddur: "Azərbaycan Respublikasının "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanunu və dövlət qulluğu ilə bağlı digər normativ aktlara görə, vəzifəli şəxs öz yaxın qohumunu birbaşa tabeliyində olan vəzifəyə təyin edə bilməz. Yaxın qohum siyahısına aşağıdakı şəxslər daxildir: Vəzfəli şəxsin həyat yoldaşı, valideynlər, uşaqlar, bacı-qardaşlar, həyat yoldaşının valideynləri və sair.
Qanunvericiliyə əsasən rəhbərin öz qohumunu birbaşa özünə tabe olan vəzifəyə götürməsi, işə qəbul prosesində qohuma üstünlük verilməsi maraqların toqquşması yaradan vəziyyətlər hesab olunduğundan qadağandır.
Əgər həmin şəxs obyektiv müsabiqə yolu ilə və qanuni prosedurlarla işə qəbul olunursa və birbaşa tabelik münasibəti yoxdursa işə gğtürülə bilər.
Ümumi nəticə ondan ibarətdir ki, vəzifəli şəxs qohumunun işləməsinə ümumilikdə mane ola bilməz, amma onu öz tabeliyində işə götürməsi və ya himayə etməsi qanun pozuntusu sayılır".