Səyyar ASAN xidmətə 3 milyon 321 mindən çox müraciət daxil olub

Səyyar ASAN xidmət avtobusu Qusarda Heydər Əliyev prospekti 119 B ünvanında vətəndaşlara xidmət göstərir. Qusarda ümumilikdə 26 dəfə Səyyar ASAN xidmət gerçəkləşib və 56 mindən çox vətəndaş müraciəti daxil olub. Xidmətdən "Olaylar"a bildirilib ki, səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunur.

2013-cü ildən həyata keçirilən Səyyar ASAN xidmət vasitəsilə ümumilikdə 3 milyon 321 mindən çox,  2025-ci il ərzində isə 173.200-dən  çox vətəndaş müraciəti daxil olub.

Xatırladaq ki, "ASAN xidmət" mərkəzlərinin olmadığı regionlardakı əhaliyə xidmətlərin çatdırılması və onların mərkəzlərə gəlmədən xidmətlərdən yararlanması üçün xüsusi təchiz edilən 10 səyyar avtobus vasitəsilə xidmət göstərilir. Əsas məqsədlər dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31