Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb
16:23 SosialÖlkə Prezidenti cənab İlham Əliyevin Azərbaycanda vəkillərin sayının artırılması, hüquqi yardımın əlçatanlığının genişləndirilməsi və vəkillik institutunun davamlı inkişafına dair verdiyi tövsiyələrə uyğun olaraq Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (VK) üzvlüyə qəbul prosesini ardıcıl, sistemli və məqsədyönlü şəkildə həyata keçirir. Bu çərçivədə ixtisas imtahanlarının təşkili tam şəffaflıq, obyektivlik və bərabərlik prinsipləri əsasında təmin olunur. Vəkillər Kollegiyasından "Olaaylar"a bildirilib ki, bu istiqamətdə yazılı və şifahi imtahan mərhələlərini uğurla başa vuran 69 vəkilliyə namizədlər üçün 2026-cı il aprelin 6-dan etibarən Ədliyyə Akademiyasında icbari təlimlərə start verilib. Təlim proqramı gələcək vəkillərin peşə hazırlığının artırılmasına, praktiki bilik və bacarıqlarının möhkəmləndirilməsinə, həmçinin vəkil fəaliyyətinə dair etik və hüquqi tələblərin dərindən mənimsədilməsinə yönəlib və bu sahədə sistemli bilik bazasının formalaşdırılmasına xidmət edir.
Yeni təlim mərhələsinin açılışında çıxış edən VK Rəyasət Heyətinin sədri Anar Bağırov vəkilliyə namizədləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, bu mərhələnin peşəkar formalaşma baxımından xüsusi əhəmiyyət daşıdığını söyləyib.
Təlim proqramının yalnız nəzəri biliklərin artırılması ilə kifayətlənmədiyini deyən Anar Bağırov qeyd edib ki, bu, namizədlərin peşə hazırlığının daha da təkmilləşdirilməsinə, praktiki bacarıqlarının inkişaf etdirilməsinə və qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsinə yönəlib. Bildirilib ki, təlimlərin məzmunu müasir hüquqi çağırışlar və dövrün tələbləri nəzərə alınmaqla formalaşdırılıb və bu proses gələcək vəkillərin ədalət mühakiməsində rolunun daha da gücləndirilməsinə xidmət edir.