Azər Həsrətin romanı təkrar nəşr edildi
16:11 SosialXaçmazda fəaliyyət göstərən "Ulduzlar" Ədəbi Məclisinin üzvü, Əməkdar jurnalist Azər Həsrətin 2012-ci ildə dərc edilmiş "Bir əsgərin yaşantıları" adlı romanı ikinci dəfə nəşr edilib.
Müəllifin Olaylar.az-a verdiyi məlumata görə, kitabın yenidən nəşri zərurətdən irəli gəlib. O, bildirib ki, 2012-ci ildə bir min nüsxə ilə çap edilmiş kitab satışa verilməsə də müxtəlif təqtimatlarda oxuculara hədiyyə edilib və tükənib. Buna görə də kitabın yenidən nəşrinə zərurət yaranıb.
Müəllif bildirib ki, kitab 2026-cı ilin aprel ayında "Avrasiya PRESS" nəşriyyatı tərəfindən "İmza" nəşrlər evində 300 nüsxə ilə yenidən nəşr edilib.
Qeyd edək ki, sözügedən roman Azər Həsrətin 1986-1988-ci illərdə Almaniya Demokratik Respublikasında gerçəkləşən hərbi xidməti haqqındadır. Müəllif əsgərlikdə keçirdiyi iki ili tam olaraq qələmə alıb, eyni zamanda kitabda müxtəlif tarixi dövrlərə, öz uşaqlığına və ailə xatirələrinə də ekskurs edib.
Kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Yeni nəşr də satışda olan deyil, yalnız müəllifin imzasıyla oxuculara hədiyyə ediləcək.