Şəki, Qazax, Cəlilabad Dövlət Universitetləri yaradılır - AÇIQLAMA
14:56 SosialSon illərdə Azərbaycanda ali təhsil sisteminin coğrafi balansının dəyişdirilməsi məsələsi yenidən gündəmin əsas mövzularından birinə çevrilib. Paytaxtda universitetlərin həddindən artıq cəmləşməsi, bölgələrdə isə ali təhsil imkanlarının məhdud qalması bu sahədə islahatların zəruriliyini daha da artırır. Məhz bu səbəbdən ali təhsil müəssisələrinin regionlara köçürülməsi, eləcə də mövcud filialların müstəqil universitet statusu alması ilə bağlı təkliflər daha ciddi şəkildə müzakirə olunur.
Hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki, Bakı Dövlət Universitetinin Qazax, Azərbaycan Dövlət İqtisad Universitetinin isə Zaqatala filiallarının ayrıca ali təhsil müəssisəsinə çevrilməsi ideyası bu müzakirələrin mərkəzində dayanır.
Digər tərəfdən, belə dəyişikliklərin paytaxtdakı ali təhsil müəssisələrinin gələcək taleyinə necə təsir edəcəyi sual doğurur. Universitetlərin bölgələrdə gücləndirilməsi Bakıda bəzi ali məktəblərin bağlanması və ya birləşdirilməsi ehtimalını da gündəmə gətirir.
Məsələ ilə bağlı Modern.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, hazırda universitetlərin bölgələrə köçürülməsi məsələsi müzakirə olunur və bu çərçivədə əsas təkliflərdən biri də filialların müstəqil ali təhsil müəssisəsinə çevrilməsidir. Onun sözlərinə görə, belə bir addım bölgələrin sosial, iqtisadi və turizm baxımından inkişafına ciddi töhfə verə bilər.
Ekspert qeyd edib ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki, Cəlilabad və Qubadakı filiallarının ayrıca universitet statusu alması daha məntiqli və məqsədəuyğun ola bilər.
"Məsələn, bu filiallar Şəki Dövlət Universiteti, Cəlilabad Dövlət Universiteti kimi müstəqil fəaliyyət göstərsə, həm təhsil əlçatanlığı artar, həm də regionların inkişafına təsir edər", - deyə o vurğulayıb.
Eyni yanaşmanın digər ali məktəblərə də tətbiq oluna biləcəyini deyən ekspert bildirib ki, Bakı Dövlət Universitetinin Qazax filialı Qazax Dövlət Universiteti kimi, eləcə də digər ali təhsil müəssisələrinin regionlardakı filialları ayrıca universitet statusu ala bilər. O hesab edir ki, bu zaman həmin filialların infrastrukturu da gücləndirilməli, yerli əhalinin öz bölgəsində ali təhsil alması üçün şərait yaradılmalıdır. Elçin Əfəndinin sözlərinə görə, dünyanın bir çox ölkəsində hər bölgənin öz universiteti mövcuddur və bu model uğurla tətbiq olunur.
Bununla yanaşı, ekspert paytaxtdakı universitetlərin taleyi ilə bağlı səslənən ehtimallara da münasibət bildirib. O qeyd edib ki, bölgələrdə yeni universitetlərin yaradılması Bakıda ali məktəblərin dərhal bağlanması anlamına gəlmir.
"Paytaxtda təhsil alan tələbələrin sayı kifayət qədər çoxdur və bu səbəbdən proses mərhələli şəkildə aparılmalıdır. Yalnız müəyyən zaman keçdikdən və bölgə universitetləri tələbələr üçün cəlbedici olduqdan sonra eyni profilli bəzi ali məktəblərin optimallaşdırılması məsələsinə baxıla bilər" - o sonda vurğulayıb.