Təbii fəlakətlər, iqlim dəyişikliyi insanlara xəbərdarlıqdır - ÖZƏL


"Son yagan yağışlar  paytaxtda və ərtaf ərazilərdə ciddi fəsadları ortalığa çıxarıb. Bu yalnız təbiətin şıltaqlığının yaratdığı problemlər deyil, həm də şəhər təsərrüfatında mövcud olan çox  ciddi çatışmazlıqdır.  Hava şəraitinin  kəskinləşməsi, leysan yağışlar mövcud problemləri bir daha qabardıb". Bunu "Olaylar"a ekspert  Əkrəm Bəydəmirli deyib: "Bu yerdə bir çox suallar ortalığa çıxır. Su kollektorunun, müxtəlif təyinatlı su, qaz xətlərinin üzərində evlər inşa olunan zaman cavabdeh qurumlar hara baxırdı?  Niyə belə qanunsuzluğa icazə veriblər? Belə acınacaqlı durum yalnız subasmadan sonra yada düşür.
Təbii fəlakətlər, iqlim dəyişikliyi insanlara xəbərdarlıqdır,  çağırışdır.  Biz eyni gəminin sakinləriyik. Buraxılmış səhvlərdən, xoşagəlməyən hallardan hər birimiz əziyyət çəkirik. Heç bir insan övladı təbii fəlakətlərdən sığortalanmayıb. Ona görə, ev inşa edən insan, sıravi vətəndaş  və həmçinin cavabdeh qurumlar da yaranmış acınacaqlı durumdan nəticə çıxarmalıdır. 
Bu gün çox təəssüflənirik ki,  ictimai nəzarət, medianın belə məsələlərə münasibəti yalnız problemlər ortalığa çıxdıqdan sonra yaranır. Və bir müddət keçən kimi bütün məsələlər unudulur. 
Bakı şəhərində həm də urbanizasiya məsələsinə nəzər salmaq lazımdır. Paytaxtda əhali sıxlığı getdikcə daha çox hiss olunur. Urbanizasiya məsələsi və ümumilikdə  şəhərsalma, yaşayış yerlərinin müəyyən edilməsində etinasızlıq faktoru  nəticəsində  Bakı şəhəri və ətraf qəsəbələr tamamilə yüklənib. Belə aktual mövzu ilə bağlı geniş müzakirələrə ehtiyac var.
Qənaətimcə, istər media, istərsə də QHT sektoru geniş miqyasda tədqiqatlar aparmalıdır. Yalnız şəhər təsərrüfatında deyil, bütün sahələrdə mövcud olan problemlərlə bağlı hesabatlar hazırlamalıdır. Qaldırılacaq  məsələlərə, ekspertlərin hazırlayacağı hesabatlara ümumilikdə cəmiyyət, rəsmi qurumlar həssaslıqla yanaşmalıdır. "

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31