Bakıda güclü yağışlar yağacaq – Əhaliyə XƏBƏRDARLIQ

Azərbaycanda aprelin 4-dən etibarən havanın yağıntılı keçəcəyi, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında aprelin 4-ü səhərdən 6-sı gündüzədək arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağışın intensivləşəcəyi, 4-ü gün ərzində isə qısa müddətə güclü olacağı, şimşək çaxacağı ehtimalı var. Gözlənilən intensiv və arabir güclənən yağışların şəhərətrafı subasmaya meyilli olan ərazilərə təsir göstərəcəyi ehtimal olunur.

Azərbaycanın rayonlarında aprelin 4-ü səhər qərb rayonlarından başlayaraq 7-si səhərədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə yağıntıların intensiv, ayrı-ayrı şərq rayonlarında isə güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından, xüsusən də Quba-Qusar bölgəsinin çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.

Aprelin 4-7-də gözlənilən yağıntılı hava şəraitindən sonra 7-si gündüz və 8-də yağıntıda qısa fasilə yaransa da, 9-u gündüzdən yenidən yağıntılı hava şəraiti müşahidə olunacaq.

Qeyd edək ki, aprel ayının birinci ongünlüyündə ölkə ərazisində hava şəraiti dəyişkən, fasilələrlə yağıntılı keçəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31