Autizm spektr pozuntusu olan şəxslərin cəmiyyətə inteqrasiyası vacibdir-Özəl

Ümumdünya Autizm Məlumatlandırma Günü münasibətilə Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kollecinin təşkilatçılığı ilə xüsusi əhəmiyyət daşıyan tədbir keçirilib. "Olaylar" xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Hicran Hüseynova məlumat verib: "Çıxışımda autizm spektr pozuntusu olan şəxslərin cəmiyyətə inteqrasiyasının vacibliyini vurğuladım, belə təşəbbüslər cəmiyyətdə inklüziv və həssas yanaşmanın formalaşmasına mühüm töhfə verir.
Bildirdim ki, hər bir fərdin potensialını üzə çıxarmaq və onların cəmiyyətin fəal üzvünə çevrilməsi həm dövlətin, həm də cəmiyyətin əsas vəzifələrindəndir. Biz onları dinləməli, onları duymalıyıq. Çünki bütün insanlar bərabərdir və hər biri özünəməxsusdur. Heç kim nə ailədə, nə də cəmiyyətdə özünü kənarda hiss etməməlidir.
Qeyd etdim ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uşaq hüquqlarının müdafiəsi sahəsində mühüm nailiyyətlər əldə olunub, inklüziv imkanların yaradılması istiqamətində ardıcıl islahatlar həyata keçirilir. Eyni zamanda, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın uşaqların hərtərəfli inkişafı sahəsində gördüyü işlər xüsusi əhəmiyyət kəsb edir.
Tədbir çərçivəsində nümayiş etdirilən "Məni dinləyin" monotamaşası, xüsusilə Leyla Əliyevanın "Dünya yuxutək əriyir!" əsəri əsasında hazırlanması ilə seçilərək tamaşaya dərin emosional məna qatdı.
Çıxışımda həmçinin autizmlə bağlı məlumatlılığın artırılmasının vacibliyini qeyd edərək bildirdim ki, bu sahədə valideynlərin düzgün yanaşması, erkən diaqnostika və cəmiyyətin dəstəyi həlledici rol oynayır. Dövlət qurumları və vətəndaş cəmiyyəti tərəfindən həyata keçirilən layihələrin genişləndirilməsi isə bu istiqamətdə daha böyük nəticələrə gətirib çıxara bilər. Sonda tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürümü bildirdim və belə təşəbbüslərin davamlı olmasının vacibliyini vurğuladım".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31