Bu ərazilərdə evlərin qiyməti ucuzlaşacaq - Rüfət Əliyev
17:08 SosialAzərbaycanın daşınmaz əmlak bazarında son illər baş verən təbii və texnogen hadisələr alıcı davranışlarına və qiymət siyasətinə ciddi təsir göstərməkdədir. Xüsusilə 2023-cü il zəlzələsindən sonra təhlükəsizlik qayğıları ilə həyət evlərinə yönələn maraq, son aylarda Bakı və Abşeronda yaşanan subasma halları ilə yeni bir sınaq qarşısındadır.
Məsələ ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin üzvü və departament rəhbəri Rüfət Əliyev Ucnoqta.az-a bildirib ki, 2023-cü ildəki seysmik aktivlik fonunda vətəndaşların fərdi yaşayış evlərinə axını süni qiymət artımına səbəb olsa da, son yağıntılar bu tendensiyanın "zəif nöqtələrini" üzə çıxarıb. O qeyd edib ki, infrastruktur baxımından problemli olan, kanalizasiya sistemi qurulmayan və relyefcə çökəklikdə yerləşən ərazilərdəki həyət evlərinin qiymətində cüzi ucuzlaşma müşahidə olunsa da qiymətlər stabil qalacaq.
Ekspertin sözlərinə görə, alıcılar artıq yalnız evin dözümlülüyünə deyil, həm də ərazinin mühəndis-kommunikasiya hazırlığına diqqət yetirirlər. Rüfət Əliyev vurğulayıb ki, subasma riski yüksək olan zonalar (məsələn, Binəqədi, Sabunçu və Abşeronun bəzi hissələri) real sövdələşmə qiymətlər qismən ucuzlaşa bilər.
Mənzil bazarındakı ümumi vəziyyətə toxunan departament rəhbəri əlavə edib ki, bu durum bina evlərinə, xüsusilə yeni tikili seqmentinə marağın yenidən artmasına rəvac verəcək.
"Problemli zonalarda artmın olmayacağı, stabillik və müvəqqəti olsa da enmə ehtimalları var. Nəticələr aradan qaldırıldıqdan sonra müəyyən dövr keçəcək, həmin ərazilərdə daha çox qiymət stabilləşməsi baş verəcək".
Rüfət Əliyev onu da qeyd edib ki, mənzil bazarında kəskin qiymət dəyişməsi gözlənilməsə də, artım tempi davam edəcək.